AZ

Mediasiya Şurası Dövlət Pedoqoji Universiteti tələbələri üçün seminar keçirib



Mediasiya Şurasının təşəbbüsü ilə Bakı 24 Saylı Mediasiya Təşkilatı tərəfindən Azərbaycan Dövlət Pedoqoji Universiteti tələbələri üçün maarifləndirici seminar təşkil olunub.

Newscenter.az xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Sosial və humanitar məsələlər üzrə prorektor Fikrət Rzayev mediasiyanın mübahisələrin məhkəmədənkənar həlli üçün effektiv və müasir alət olduğunu diqqətə çatdırıb. Hüquq şöbəsinin müdiri Qürbət Əsgərov isə vurğulayıb ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu mediasiyanın tətbiq sahələrini genişləndirərək, müxtəlif hüquqi münasibətlərdən yaranan mübahisələrin daha operativ və qarşılıqlı razılıq əsasında həllinə imkan yaradır.

Daha sonra çıxış edən Mediasiya Şurasının üzvü və Bakı 24 saylı mediasiya təşkilatının direktoru Ülkər Zülfüqarova mediasiyanın əsas prinsiplərinə – könüllülük, tərəflərin bərabərliyi, mediatorun neytrallığı və məxfiliyə xüsusi diqqət çəkib. O vurğulayıb ki, mediasiya prosesi tərəflərin hüquqi mövqelərindən daha çox onların real maraqlarının müəyyənləşdirilməsinə və bu maraqlar üzərindən davamlı razılaşmanın əldə olunmasına yönəlib.

Mediator Nərgiz Əliyeva çıxışında mediasiya texnikalarından bəhs edərək aktiv dinləmə, açıq sualların verilməsi və mövqelərlə maraqların fərqləndirilməsi kimi alətlərin əhəmiyyətini izah edib. O qeyd edib ki, düzgün idarə olunan mediasiya prosesi emosional gərginliyi azaldır və tərəflər arasında konstruktiv dialoqun qurulmasına şərait yaradır.

Mediator Gülnar Qasımova isə mediasiyanın praktiki tətbiqi ilə bağlı nümunələr təqdim edərək bildirib ki, bir çox hallarda məhkəmə çəkişmələri ilə müqayisədə mediasiya daha qısa müddətdə və daha az xərclə nəticə verir. O əlavə edib ki, mediasiya nəticəsində əldə olunan razılaşmalar tərəflərin öz iradəsinə əsaslandığı üçün icra ehtimalı daha yüksək olur.

Qeyd olunub ki, mediasiya prosesi çərçivəsində tərəflər mediatorun fasilitatorluğu ilə bir-birinin baxış bucağını daha aydın şəkildə dərk edir, qarşılıqlı etimadın bərpasına doğru addım atır və hər iki tərəf üçün qəbul edilə bilən həll variantlarını birlikdə formalaşdırırlar.

Sonda iştirakçılara mediasiya haqqında informativ bukletlər paylanılıb və iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.

Süleyman
Seçilən
18
2
newscenter.az

3Mənbələr