AZ

Peşəkar Çövkən Liqasında 6-cı turun oyunları keçirilib

Peşəkar Çövkən Liqasında 6-cı turun qarşılaşmaları baş tutub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ilk oyun günündə “Şamaxı” “Omar”a qarşı matçda hesabı açsa da, fasiləyədək üstünlüyünü qoruya bilməyib. İkinci hissədə buraxılan iki qol “Omar”a 3:1 hesablı qələbə qazandırıb.

Digər oyunda “Elite” “Zəfər”lə qarşılaşıb. “Elite” 3-cü qolu vuraraq hesabda önə keçsə də, sona 5 dəqiqə qalmış üstünlük qoruya bilməyib. “Zəfər” əvvəlcə fərqi minimuma endirib, ardınca daha bir qol vuraraq 3:2 hesabı ilə önə keçib və qələbəni təmin edib.

Turun ikinci oyun günündə “Buta Golden” və “Polad” komandaları üz-üzə gəlib. Görüşün əvvəlində üstünlük “Buta Golden”də olsa da, “Polad” əks-hücumda hesabı açıb. İkinci hissədə də oyunun gedişatı dəyişməyib. “Buta Golden” penalti zərbəsindən yararlana bilməyib, “Polad” isə fərqi artıraraq 2:0 hesabı ilə qalib gəlib.

Digər görüşlərdə “Embawood” “Atilla”nı 7:0, “Sərhədçi” isə “Xəzər”i 6:0 hesabı ilə məğlub edib.

6 turdan sonra turnir cədvəlinə 18 xalla “Sərhədçi” başçılıq edir. “Polad” və “Embawood” isə 15 xalla növbəti pillələri bölüşür.

“Sərhədçi”nin oyunçusu Vahid Məmmədov bu turda 5, “Embawood”dan Elmir Əliyev isə 3 qol vuraraq ümumi 12 qolla bombardirlər siyahısında birgə lider olublar.

Qeyd edək ki, Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatı ilə əlaqədar liqada növbəti turlara təxminən bir ay yarımlıq fasilə yaranacaq. Mütəxəssislər bu fasiləni “fırtınaqabağı sakitlik” kimi dəyərləndirərək qarşıdakı turların daha gərgin keçəcəyini proqnozlaşdırırlar.

Seçilən
32
90deqiqe.az

1Mənbələr