AZ

Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?

Məktəblərdə güclü uşaqların özlərindən zəifi döyməsi yeni hadisə deyil, bu həmişə olub. Sadəcə hər şeyə ad qoymağı sevən müasir zamanə şagirdlərarası zorakılığı Bullinq adlandırmaqla psixologiyaya əlavə termin gətirib. Hərfi tərcüməsi ingilis dilindən “öküzlük etmək” olan bu termin güclünün zəif üzərində zorbalığı kimi qəbul olunur. Amma bir məsələ də var ki, müəllim nüfuzunun ağır olduğu dövrlərdə uşaqların bir-birinə qarşı “öküzlüyü” cəzasız, qınaqsız ötüşmürdü, bu səbəbdən də geniş yayılmırdı.

İndi isə uşaqlar nəinki zorbalıq edir, hətta bu “mərifət”lərini çəkib sosial şəbəkələrə də yerləşdirirlər.

Ötən gün Gəncədə 2-ci sinif şagirdinin özündən 2 yaş böyük məktəb yoldaşı tərəfindən mütəmadi döyülməsi faktı da buna əyani sübutdur. Hər nə qədər regional təhsil idarəsi döyülmə faktını təkzib etsə də, bu məktəblilər arasında şiddətə meyillilik reallığını dəyişmir.
 
Elə problemin bir tərəfi də məsələnin qapalı saxlanılmasına cəhddir. Təhsil mütəxəssisləri bildirirlər ki, əksinə belə hadisələrin gizlədilməsi, şiddətə meyilli şagirdlərin qorunması kimi yanlış addımdır. Cəzasız qalanlar “qoçuluğa” davam  edəcəklər, növbəti mərhələdə onları islah etmək daha çətin olacaq. Bu əslində həmin zorakılıq edən uşaqların öz gələcəyi üçün təhlükəlidir.

Bəs “Niyə müdaxilə edilmir?” sualına isə psixoloq Zülfiyyə Əsədova belə cavab verdi ki, adətən bullinq müəllimlərin gözü qarşısında deyil, tənəffüslərdə, koridorlarda, Gəncə hadisəsindəki kimi ayaqyolunda və s. baş verir. Zərərçəkən uşaqlar da qorxusundan ya utancından şikayət etmirlər.

“Müəllimlər əsasən dərs proqramını çatdırmağa, iş yükünə fokuslanır. Şagirdlərin sinifdəki davranışlarına cavabdehdirlər.

Bu işlə əsasən məktəb psixoloqu məşğul olmalıdır, o da bəzi məktəblərdə ya ümumiyyətlə yoxdur, ya da var amma aktiv işləmək üçün kifayət qədər mexanizm qurulmayıb. Bəzən psixoloq yalnız kağız üzərində formal olur”.

Mütəxəssis vurğuladı ki, bu problemin bir səbəbi də onun ciddiyə alınmamasıdır. Bəzi böyüklər bunu “Uşaqlar dalaşar da. Özümüz də dalaşmışıq” kimi qiymətləndirir. Bu yanaşma isə problemi daha da dərinləşdirir. Ona görə də məktəblərdə bullinqə qarşı konkret qaydalar, cəzalar, yasaqlar tətbiq olunmalıdır

Seçilən
34
2
hit.az

3Mənbələr