AZ

Bir ay çəkən xilasetmə əməliyyatı: Balinanı dənizə barjanın köməyi ilə buraxdılar

Almaniyanın Baltik dənizi sahillərində təqribən bir ay dayaz sularda qalmış qozbel balina barjanı tərk edərək Şimal dənizinə buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə DPA agentliyi xilasetmə əməliyyatını həyata keçirən könüllülərə istinadən məlumat yayıb.

Heyvanı daşınma prosesində müşayiət edən Yens Şvarkın sözlərinə görə, saat 9:00-da (Bakı vaxtı ilə 11:00 - red.) balina artıq barjada olmayıb. 

Səhər saatlarında gəmi Skagen burnundan təxminən 70 km aralıda, Skagerrak boğazında yerləşib. Dron vasitəsilə çəkilən kadrlarda suda üzən heyvan bəzən görünsə də, bunun məhz həmin balina olduğunu yüz faiz əminliklə söyləmək hələ ki mümkün deyil. Şvarkın aydınlaşdırdığı kimi, hazırda sensordan məlumatların gəlib-gəlmədiyi bilinmir. Həmçinin məməlinin hansı vəziyyətdə olduğu və onun necə - özbaşına, yoxsa göyərtədən itələnərək suya düşdüyü barədə məlumat yoxdur. 

Dəniz bioloqu Fabian Riter qeyd edib ki, uzun müddət dayazlıqda qaldıqdan sonra heyvanın yenidən normal şəkildə üzə və dala biləcəyi sual altındadır. Bundan əlavə, ağzında tapılan tor qalıqlarına görə onun qidalanması məsələsi də narahatlıq doğurur. Bütün əlamətlərə görə, balinanın vəziyyəti heç də qənaətbəxş deyil. "Whale and Dolphin Conservation" (WDC) heyvanları müdafiə təşkilatından vurğulayıblar ki, balinanın sağ qalma ehtimalı son dərəcə aşağıdır.

Xatırladaq ki, təxminən 15 ton ağırlığında olan və "Timmi" ləqəbini alan balina martın 23-də Timmendorfer-Ştrand icması yaxınlığındakı qumluqda aşkar edilib. Martın 26-da onun xilas edilməsi əməliyyatına heyvanın yanında kanal qazan iki ekskavator cəlb olunub. Martın 27-də dəniz məməlisi sərbəst şəkildə açıq sulara çıxa bilsə də, sonradan yenidən sahilə qayıdıb və Vismar körfəzində dayazlığa düşüb. Daha sonra balina yenidən sahildən uzaqlaşmağı bacarsa da, nəticə etibarilə martın 31-də Vismar körfəzinə qayıdıb və dərinliyə üzmək üçün növbəti cəhd zamanı Almaniyanın şimalındakı Pöl adasının buxtasında yenidən "saya oturub". 

Könüllülər yeni xilasetmə əməliyyatı təşkil etməyə başlayana qədər o, vaxtının çox hissəsini, demək olar ki, hərəkətsiz keçirib. Aprelin 20-də buxtada suyun səviyyəsinin qalxması sayəsində balina dayazlıqdan çıxıb və təxminən iki saat orada sərbəst üzüb, lakin sonra yenidən Vismar buxtasının çıxışındakı qumlu dibə uzanıb. Bundan sonra xilasedicilər əməliyyat konsepsiyasına yenidən baxaraq, daşınmanın barja vasitəsilə həyata keçirilməsi variantını seçiblər.

Seçilən
80
1
redaktor.az

2Mənbələr