AZ

Dani Karvaxal yenə zədələndi – ARENA.AZ

Futbol üzrə İspaniya yığmasının keçmiş sağ cinah müdafiəçisi, Madrid “Real”ının kapitanı Dani Karvaxal yenidən zədələnib.

Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belə ki, klub Karvaxalın sağlamlıq vəziyyətini açıqlayıb. Aparılan tibbi müayinələrin nəticələrinə əsasən, 34 yaşlı cinah müdafiəçisinin ayaq barmağında sınıq aşkarlanıb.

Xatırladaq ki, Karvaxal ötən ilin oktyabr ayının sonundan yanvar ayınadək diz nahiyəsindəki zədə səbəbindən 12 görüşü buraxmaq məcburiyyətində qalıb. Komandanın kapitanı bundan əvvəl isə sentyabrdan oktyabr ayınadək əzələ zədəsindən əziyyət çəkmişdi. Ümumiyyətlə, ispan futbolçu son illərdə tez-tez zədə alması və əməliyyata məruz qalması ilə gündəmə gəlir.

Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Təcrübəli futbolçunun bu klubla cari müqaviləsinin müddəti 2026-ci ilin iyun ayının sonuna qədərdir.

Cari mövsümdə Karvaxal “Real” üçün 20 oyun keçirib. Daninin “Real” karyerası ümumilikdə 448 oyun, 14 qol və 65 məhsuldar ötürmədən ibarətdir.

Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 52 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
38
29
arena.az

10Mənbələr