AZ

Okampo və onun əlaltıları sülhü pozmağa çalışır ŞƏRH

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Koordinasiyalı şəbəkə Azərbaycana qarşı kampaniyanın ön cəbhəsində yer alıb

Avropa siyasi institutlarında erməni lobbisinin fəallığını və Avropa İttifaqı rəhbərliyində korrupsiya iddialarının hansı həddə çatdığını ifşa edən növbəti qalmaqallı video üzə çıxıb. Bu görüntülər bir daha göstərir ki, bəzi Qərb siyasi dairələrində qərarların qəbulunda şəffaflıq prinsipləri arxa plana keçir, ayrı-ayrı maraq qruplarının təsiri isə getdikcə güclənir.

Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo və oğlu Tomas Moreno Okampoya məxsus olduğu bildirilən görüntülərdə Avropa siyasətinə erməni lobbisinin təsir imkanlarının açıq şəkildə etiraf olunması xüsusilə diqqət çəkir. Videoda ata və oğul yalnız mövcud təsir mexanizmlərindən deyil, həm də bu təsirin genişləndirilməsi üçün istifadə olunan alətlərdən bəhs edirlər ki, bu da prosesin sistemli xarakter daşıdığını göstərir.

Bu faktlar Azərbaycanın milli maraqları baxımından olduqca ciddi siqnaldır. Belə ki, Avropa platformalarında ölkəmizə qarşı formalaşdırılan qərəzli mövqelərin arxasında obyektiv yanaşmadan çox, lobbiçilik və maliyyə təsirləri dayanır. Bu isə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinin bəzi hallarda məqsədli şəkildə təhrif olunduğunu deməyə əsas verir.

Mövcud vəziyyət rəsmi Bakının informasiya və diplomatik müstəvidə daha fəal siyasət yürütməsini zəruri edir. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyini gücləndirməsi, alternativ tərəfdaşlıqları genişləndirməsi və dezinformasiya kampaniyalarına qarşı sistemli mübarizə aparması artıq seçim deyil, strateji zərurətə çevrilir.

Eyni zamanda, bu kimi ifşalar Qərb institutlarının obyektivliyinə olan inamı sarsıdır və ikili standartlar məsələsini yenidən gündəmə gətirir. Bu kontekstdə Azərbaycan yalnız müdafiə mövqeyində dayanmaqla kifayətlənməməli, həm də beynəlxalq ictimaiyyətə real faktlar əsasında təsir etməyi bacarmalıdır.

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında qeyd edib ki, xüsusi siyasi institutlarda erməni lobbisinin fəallığı uzun müddətdir davam edir:

"Məhz Avropa İttifaqının yüksək rəhbərliyinin korrupsiya ilə üzləşməsi Avropa ölkələrində daima müzakirə olunan əsas mövzulardan biridir. Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo erməni lobbisi ilə daim əlaqədə olub və onlardan kifayət qədər vəsait alıb. Onlar Azərbaycana qarşı qətnamələrin qəbul edilməsində və qara kampaniyanın aparılmasında mühüm rol oynayırlar.

Hazırda da Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna, həmçinin Ermənistanda keçiriləcək seçkilərə zərbə vurmaq üçün yenidən fəallaşıblar".

Analitik vurğulayıb ki, erməni lobbisi, erməni diasporu və Rusiyadakı erməni diasporu qarşılıqlı fəaliyyət göstərir:

"Onlar Azərbaycana qarşı qara kampaniya aparmaq, Nikol Paşinyanı gözdən salmaq və onun imicini ləkələmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bu fəaliyyət maliyyəyə əsaslanır və erməni diasporu, eləcə də Avropanın bəzi institutları, o cümlədən Avropa Parlamenti hələ də köhnə yanaşmalardan çıxış edir.

Son günlər Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnamə də həmin kampaniyanın, erməni lobbisinin və Rusiyadakı erməni revanşist qüvvələrin maraqlarını əks etdirir.

Göründüyü kimi, onlar bir şəbəkədir və regionda sülh prosesinə qarşı fəaliyyətlərini davam etdirirlər".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
sherg.az

1Mənbələr