AZ

DİQQƏT: Bu sistemə keçilsə, maaşlar artacaq KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Saatlıq əməkhaqqı sisteminə keçid tez-tez maaşların avtomatik artacağı ilə bağlı gözləntilər yaradır. Lakin ekspertlər bildirir ki, bu dəyişiklik daha çox texniki xarakter daşıyır və işçilərin gəlirinə birbaşa təsir etməyə bilər.

Bəs yeni sistem doğrudan da əməkhaqlarını artıracaq, yoxsa sadəcə hesablanma üsulunu dəyişəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, saatlıq əməkhaqqı sisteminə keçid özü-özlüyündə maaşların artması demək deyil:

Akif Nəsirli

“Bu, sadəcə hesablama üsuludur. Aylıq 600 manat alan işçi üçün 40 saatlıq iş həftəsində saatın qiyməti 3.46 manat edir. Sistem saatlığa keçsə, yenə ayda 173 saat işləyib 600 manat alacaq. Yəni rəqəm dəyişmir, yalnız forması dəyişir”.

Ekspert qeyd edir ki, maaş artımı yalnız müəyyən şərtlər daxilində mümkün ola bilər. Onun sözlərinə görə, ilk hal dövlətin minimum saat tarifini artırması ilə bağlıdır:

“Məsələn, indi minimum aylıq əməkhaqqı 400 manatdır. Bunu 173 saata bölsək, saatı 2.31 manat edir. Əgər qanun minimum saat tarifini daha yüksək müəyyən etsə, işəgötürənlər maaşı artırmağa məcbur olacaq. Amma adətən hökumət bu həddi elə müəyyən edir ki, büdcəyə əlavə yük yaranmasın”.

İkinci mühüm amil artıq iş saatlarının rəsmiləşdirilməsidir”.

Nəsirlinin sözlərinə görə, saatlıq sistemdə əlavə iş saatları ödənilməlidir:

“Bir çox sahələrdə işçilər gündə 10-12 saat işləsə də, əlavə haqq almır. Saatlıq sistemdə isə artıq saatlar ikiqat tariflə hesablanır. Əgər nəzarət güclənsə, maaşlar faktiki olaraq 10-20 faiz arta bilər. Xüsusilə ticarət, ictimai iaşə və mühafizə sahələrində çalışanlar bundan faydalanacaq”.

Üçüncü faktor qeyri-formal məşğulluğun azalması ilə bağlıdır.

Ekspert bildirir ki, yeni sistem kölgə iqtisadiyyatını məhdudlaşdıra bilər:

“İşəgötürən hər saatı qeydiyyata almağa məcbur olacaq. Bu da “zərf maaş” praktikasını çətinləşdirir. Amma bəzi hallarda işçinin real gəliri dəyişməyə bilər, çünki vergilər onun maaşından tutulacaq”.

Bununla yanaşı, saatlıq sistemin müəyyən riskləri də var. Nəsirli qeyd edir ki, bəzi hallarda işçilərin gəliri azalacaq:

“Aylıq sistemdə işçi məzuniyyətdə və ya xəstə olduqda maaşını alır. Saatlıq sistemdə isə işləmədiyi saatlara görə ödəniş edilmir. Mövsümi işlərdə və qeyri-sabit qrafikdə çalışanlar üçün gəlir hətta sıfıra düşə bilər. İşəgötürən iş həcmini azaldaraq həftəlik saatları ixtisar edə bilər ki, bu da aylıq qazancı aşağı salar”.

Bank, dövlət və təhsil sektorunda iş saatları sabitdir. Bu səbəbdən saatlıq sistemə keçid bu sahələrdə maaşlara təsir etməyəcək”.

Nəticə etibarilə, saatlıq əməkhaqqı sisteminə keçid avtomatik maaş artımı vəd etmir. Maaşların yüksəlməsi daha çox minimum tariflərin artırılması, artıq iş saatlarının ödənilməsi və kölgə iqtisadiyyatının azalması kimi amillərdən asılı olacaq. Əks halda, dəyişiklik yalnız kağız üzərində qalacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
1
konkret.az

2Mənbələr