Direktorların işə qəbulu müsabiqəsinin elektron ərizə qəbulu mərhələsinin nəticələri elan edildi
AzEdu.az-a bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, direktor vəzifəsi üzrə cari ilin 27 fevral – 6 mart 2026-cı il tarixlərində baş tutan elektron ərizə qəbulu mərhələsinin nəticələri elan edilib.
Sözügedən mərhələdə 1688 namizədin müraciəti qeydə alınıb. Müsabiqə şərtlərinə əsasən, ali təhsili, pedaqoji stajı, sertifikatlaşdırma nəticələri, müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirmə göstəriciləri, eləcə də müraciət etdikləri təhsil müəssisəsindəki şagird sayı uyğun hesab edilən 433 namizədin müraciəti müsbət dəyərləndirilib. Həmin namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib.
Bununla yanaşı, bildiririk ki, müsabiqəyə müraciət etmiş şəxslər arasında ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan və ya tələblərdən aşağı olan 285 nəfər, əlavə olaraq növbəti müsabiqələrdə iştirak etməyi planlaşdıran 356 nəfər direktor, direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar üçün 2, 3, 10 və 11 may 2026-cı il tarixlərində ixtisas biliklərinin yoxlanılması istiqamətində test imtahanı keçiriləcək. İştirakçılara fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 10 test tapşırığı təqdim ediləcək. Sözügedən namizədlərə imtahanda iştirak barədə məlumat göndərilib.
Eyni zamanda, qeyd edək ki, 6 may 2026-cı il tarixindən etibarən müsabiqənin müsahibə mərhələsinə başlanılacaqdır. Müsahibələr müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq prinsipi əsasında təşkil ediləcək. Müsahibələrin keçirilmə tarixi və məkanı barədə namizədlərin şəxsi səhifələrinə məlumat mərhələli formada göndəriləcək.