AZ

“Qadınların Peşə İnkişafı Proqramı” layihəsinə start verilib

Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 may 2026-cı il tarixindən “Qadınların Peşə İnkişafı Proqramı” layihəsinin icrasına başlayıb. Bu barədə Turkustan.az-a İctimai Birliyin sədri İradə Nəsirova məlumat verib.

Layihə rəhbəri bildirib ki, layihə işğaldan azad edilmiş ərazilərdə yaşayan qadınların sosial və iqtisadi fəallığının artırılmasını hədəfləyir. Layihə çərçivəsində Laçın şəhərinin Sus, Zabux və Bəylik kəndlərindən seçilmiş 15 nəfər qadın üçün peşə yönümlü təlimlər təşkil olunacaq.

Qeyd olunub ki, layihənin əsas ideyası qadınlara tikiş, biçim, naxış, ilmə, toxuculuq, xalçaçılıq və dekorativ əl işləri kimi peşə bacarıqlarının öyrədilməsi ilə yanaşı, onların sahibkarlıq fəaliyyətinə başlaması üçün zəruri biliklərin – biznes planlaşdırma, məhsulun satışı, sosial mediada tanıtım və maliyyə savadlılığının aşılanmasıdır. Təlimlər vasitəsilə iştirakçılar praktiki bacarıqlar əldə edəcək, gələcəkdə öz iş yerlərini qurmaq və ailə büdcəsinə töhfə vermək imkanı qazanacaqlar.

Layihə eyni zamanda qadınların ictimai fəallığının artırılmasına, onların özünəinam və təşəbbüskarlıq bacarıqlarının formalaşdırılmasına xidmət edir. Bu məqsədlə iştirakçılar üçün yerli sahibkar qadınlarla görüşlər, istehsal müəssisələrinə səfərlər və təcrübə mübadiləsi təşkil ediləcək.

Bu təşəbbüs Laçın və ətraf kəndlərdə qadın məşğulluğunun artırılmasına, yerli iqtisadiyyatın canlanmasına və sosial inteqrasiyanın gücləndirilməsinə mühüm töhfə verəcək.

Layihənin icra müddəti 1 may 2026-cı il tarixindən 30 iyun 2026-cı il tarixinədək nəzərdə tutulub.

Seçilən
28
1
turkustan.az

2Mənbələr