AZ

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

Diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərimizə səfərinin ikinci günü Şuşa ilə tanışlıqla davam edib.

AZƏRTAC xəbər verir ki, mayın 2-də korpus nümayəndələri inşası davam edən Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Yeni Şuşa məscidi layihəsi barədə məlumat verib. Qeyd olunub ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü - Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq.

Şuşa həm də öz tarixi memarlıq nümunələri olan məscidləri ilə məşhurdur. Bu tarixi memarlıq inciləri sırasına isə hazırda daha bir inci - Yeni Şuşa məscidi daxil olacaq.

Sonra qonaqlar Qazançı kilsəsi ilə tanış olublar. Bildirilib ki, kilsə öz ilkin memarlıq üslubuna uyğun şəkildə bərpa edilib. Azərbaycan ərazisindəki bütün tarixi, mədəni və dini abidələr milli qanunvericiliyin tələblərinə uyğun qaydada mühafizə olunur, qorunur və bərpa edilir. Bu yanaşma Azərbaycanın öz ərazisindəki bütün mədəni və dini irsə hörmətlə yanaşdığını, habelə çoxmədəniyyətli dəyərləri qoruyub saxlamaq əzmində olduğunu bir daha təsdiqləyir. Eyni zamanda, bu genişmiqyaslı bərpa işləri şəhərin tarixi simasının bərpasına və mədəni zənginliyinin gələcək nəsillərə ötürülməsinə xidmət edən dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Daha sonra diplomatik korpus nümayəndələri Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət ediblər.

Qeyd olunub ki, Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı.

İşğal dövründə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi. İndi burada vaxtilə təxliyə olunmuş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Muzeydə, ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.

Diplomatik korpus Şuşa Müalicə-Sağlamlıq Mərkəzinə gəlib. Burada xarici nümayəndələrə görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu tibb ocağının təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Altı korpusdan ibarət olan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Mərkəzdə, həmçinin konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostik laboratoriya yaradılıb. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiyası, rəqəmsal teleskopik rentgen, rəqəmsal stasionar USM cihazları ilə təchiz olunub. Bunlar isə öz növbəsində Mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır.

Tibb ocağının ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi, hemodializ və digər korpuslar inşa olunub.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə mayın 1-də Şərqi Zəngəzur və Qarabağa səfər ediblər.

Seçilən
14
15
azerbaijan-news.az

10Mənbələr