AZ

Mən onları gözübağlı da udaram... Aleksandr Alyoxindən şahmat oynamağı necə öyrəndim?

ain.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Vüsal Bağırlının “Şahmat oynamağı necə öyrəndim?” yazısını təqdim edir.

Hitlerçi zabit ayağını ədayla stolun üzərinə uzadıb, əlində cütlədiyi dəri əlcəkləri masaya tulladı:- Siz yalnız peşəkar alman şahmatçılarından təşkil olunmuş rotaya qalib gələcəyiniz halda həbsxanadan qurtula biləcəksiniz. Başqa variant yoxdur.

Eynəkli, slavyan görünüşlü ahıl insan isə kresloya yayxanaraq arxayınlıqla cavab verdi:- Mən onları gözübağlı da udaram.Bu uşaq vaxtı izlədiyim, adını yalnız dünən internetin köməyiylə xatırladığım “Rusiyanın bəyaz qarı” kinofilmindən fraqmentdir.Hadisə həqiqətən olubmu, real faktlara əsaslanırmı, yoxsa sovetin uydurmasıdır, dəqiq bilmirəm, amma hədsiz maraqla izlədiyim həmin epizod məni heyran etmişdi. Kadrlarda məşhur qrossmeyster Aleksandr Alyoxin gözləri sarğı ilə bağlanmış vəziyyətdə böyük bir zalda oturur və digər masalarda yerlərini tutmuş xeyli alman şahmatçını eyni anda acı məğlubiyyətə uğradırdı. Film mənə o qədər təsir etmişdi ki, baxdıqdan sonra özümə söz verdim:

“Bu oyunu mütləq öyrənməliyəm”.Sonra küçədə, tində, dalanda, harada bir dəstə şahmat oynayan görürdümsə, cəld özümü dürtürdüm onların arasına. Oynayanların hər hərəkətini, gedişləri acgöz bir vərdişlə, xüsusi gərginliklə izləyir, debütlərə, kombinasiyalara, piyada endişpillərinə diqqətlə fikir verirdim. Düzdür, peşəkar şahmatçı olmadım, xəyallarım həyata keçmədi, amma istənilən halda mən minimal məqsədimə çatdım və əsrarəngiz məntiq döyüşünü, beyni daim məşq etdirən bu qədim oyunu öyrəndim.Təxminən 5-6 yaşım olardı. Səksəninci illərin ortaları, dünya çempionu tituluna yiyələnmək uğrunda Kasparovla Karpov mübarizəsinin gərgin anları, rəqabətin pik vaxtlarıydı. Hər yerdə şahmata maraq var idi. Məhəllə uşaqlarına qoşulub yenicə açılmış və rayon miqyası üçün yetərincə ajiotaj yaratmış şahmat klubuna təşrif buyurdum. Əslində, məhəllə uşaqlarının içərisində oyun qaydalarını, gedişləri məndən başqa bilən yox idi. Hamı sadəcə kütləvi maraq xatirinə gəlmişdi.Uzundraz, keçəl, iti baxışlı şahmat müəllimi hərəni bir şahmat taxtası arxasında, üzərinə qəribə fiqurlar düzülmüş masalara əyləşdirdi. Boyum balaca olduğundan stol mənə görə çox hündür, fiqurlar isə nəhəng göründü. Mənimlə üzbəüz oturmuş, təxminən 10-12 yaşlarında, yanağından qan daman, koppuş, yekəbaşlı bir uşaq qaşlarını düyünləyib, acıqla mənə baxdı:- Nə gözünü döyürsən, oyna də? Oynaya bilirsən?Qorxurdum, nitqim qurumuşdu. Əllərim əsirdi. Bilmədim nə cavab verəm, gücüm yalnız başımla təsdiqə çatdı. Şahmatda ağ fiqurlar birinci başlayır axı!? Ona görə də ilk gedişi rəqib etdi. Atı oynadı. Cavab gedişi ilə vəzirin qarşısındakı nəcib piyadanı irəli itələdim. Həyəcandan və qorxudan oyuna pis başladım. Titrəyirdim deyə fiqurları əlimdə saxlaya bilmirdim. Fili, sonra da iki piyadamı itirdim. Bir azdan top da əldən getdi.

Dəhşət! Lakin yavaş-yavaş özümə gəlib, oyunun ortasında üstünlüyü ələ aldım və rəqib fiqurların demək olar hamısını uddum. Hər fiqur itkisində toppuş oğlan əlindəki qara topu var gücü ilə başına vurur və ağzı ilə qəribə səslər çıxarırdı:

“Uşşş...Uşşş”.Digər masalarda oyunlar qurtarmışdı, bizim qarşılaşma isə qədərindən uzun çəkmişdi deyə hamı başımıza toplaşmışdı. Ortaya bir çətinlik çıxmışdı – oynamağına oynayırdım, amma sonluğu gətirə bilmir, mat etməyi bacarmırdım. Vaxt gedir, oyun heç cür bitmirdi. Rəqibin şahı demək olar, bütün 64 xananı addım-addım gəzərək avaragor olmuşdu. Mən şah verirdim, o da fiquru götürüb digər xanaya qoyurdu. Rəqibim da əziyyət çəkirdi, mən də. Birdən, çıxış yolu tapıldı, oğlan heç-heçə təklif etdi və mən həvəslə razılaşdım. Şahmat müəllimi minnətdar və rəğbət dolu nəzərlərlə mənə baxdı:- Bu oyunu sənə kim öyrədib balası?Düşünmədən cavab verdim:- Aleksandr Alyoxin...

***

1946-cı ilin mart ayının 24-də Portuqaliyanın Eştoril şəhərinin “Park” otelində kişi meyidi aşkar edildi. Ölüm naməlum bir insanı qəribə vəziyyətdə yaxalamışdı. Adam qarşısındakı şahmat taxtasının üzərinə əyilmiş, kresloda oturmuşdu. Elə bil hansısa məchul şahmat gedişi qarşısında dərin fikirlərə dalmışdı. Meyit ekspertizaya göndərildi, amma polis zorakılıq əlamətləri tapmadı. Ekspertlər ölümü asfiksiya, yəmi udlaqda ilişmiş tikədən boğulma ilə əlaqələndirdilər. Tezliklə ölənin şəxsiyyəti də müəyyənləşdi.Bəli, bu o idi. Dahi şahmat sehrbazı Aleksandr Alyoxin. Dünya çempionu Aleksandr Alyoxin ömrünü həsr etdiyi işinə hətta ölümündən sonra da sadiq qalmışdı, o canını şahmat taxtası arxasında tapşırmışdı.Bu sirli-sehrli qədim oyunu ona anası öyrətmişdi. Uşaq məşğuliyyətinə, hobbisinə əvvəlcə bir o qədər ciddi yanaşmırdı. 1902-ci ildə 10 yaşlı Alyoxin Rusiyada qastrolda olan tanınmış amerikalı şahmatçı Harri Pilsberlə oynamaq imkanı əldə edir. Blits-turnirdə 22 sıravi şahmatçıdan biri olan Aleksandr onunla heç-heçəyə nail olur.On dörd yaşında olarkən o zamanların tanınmış şahmatçısı, iki dəfə dünya tacı uğrunda oyunda əfsanəvi Vilhelm Steyntsə son anda məğlub olan Mixail Çiqorinlə oynamaq şansı qazandı. Artıq ölümcül xəstə olan qocaman şahmatçı bu oyunla tarixi missiyanı yerinə yetirdi, estafeti Alyoxinə ötürdü.Sonra müxtəlif yerli və beynəlxalq əhəmiyyətli turnirlərdə qazanılan qələbələr Alyoxini qısa müddət ərzində Rusiyanın ən yaxşı şahmatçısına çevirdi. Belə möhtəşəm uğurdan sonra qarşıda ancaq bir məsələ dururdu - dünya çempionu olmaq.

Alyoxin buna ürəkdən inanırdı və dostlarına deyirdi ki, o, dünya çempionu ilə görüşə hazırlaşır. Dostların “kiminlə oynayacaqsan, Emmanuel Laskerləmi" sualına sakitcə sakitcə cavab verirdi “yox, Kapablanka ilə”.Kubalı fitri istedad Xose Raul Kapablanka təcrübəli Laskerdən xeyli cavan idi. Müasir dillə desək biri Gukeş idi, o biri Karlsen. Onların arasında müxtəlif səbəblərdən, daim təxirə salınan həlledici oyun nəhayət, 1921-ci ildə baş tutdu və Alyoxinin proqnozu özünü doğrultdu. Kapablanka qalib gəldi. Bundan sonra, hamı əmin idi ki, kubalı şahmatçının hökmranlığı hələ neçə onilliklər davam edəcək.Hələ 1914-cü ildə şahmat tacı uğrunda oyuna qatılmaq istəyən Aleksandra qəflətən başlayan I dünya müharibəsi mane olur. Sonra o, cəbhəyə gedir, döyüşür, iki dəfə kontuziya alıb Moskvaya qayıdır. 1917-ci ilin çeviriliş-inqilabından sonra o, çıxılmaz vəziyyətə düşür.Əvvəlcə bolşeviklər onu güllələmək istəyir, lakin fikirlərindən daşınırlar. Onu xidmətə götürürlər. Bolşeviklərin bu cür dəymədüşər, cırtqoz hərəkətləri Alyoxini çıxış yolu axtarmağa sövq edir. Belə bir şans onun əlinə 1921-ci ildə düşür və o, Latviyaya gedir. Təəccüblüsü odur ki, hər şeyə iynənin gözü ilə baxan sovet hökuməti onun sərbəst şəkildə ölkəni tərk etməsinə göz yumur. Riqadan Berlinə adlayan Alyoxin qollarını çırmayıb, taxta arxasındakı rəqiblərini bir-bir aşırmağa başlayır. Amma bu qələbələr ona azlıq edirdi.O zamanlar dünya tacına qoşulmaq istəyən, namizəd oyunçu “London protokolu” adlanan məchul qaydaya əməl etməliydi. Şərtə görə, taca namizəd şəxs turnirin mükafat fonduna, o dövr üçün fantastik məbləğ sayılan yüz min dollar pul ödəməliydi.Bu məqsədlə sponsor axtarışında olan Alyoxinin bəxti gətirir. Argentina hökuməti bütün xərcləri üzərinə götürür. Altı qələbəyə qədər davam edən möhtəşəm oyunlar seriyası 1927-ci ilin payızında Buenos-Ayresdə baş tutur. Ekspertlərin yekdil proqnozunda yalnız bir adamın adı yazılmışdı: Xose Raul Kapablanka. İndiyə qədər oynanılan oyunlarda da, o, şəksiz və şəriksiz üstünlüyə malik idi – 5:0.Amma inanılmazlıq reallığa, sehr gerçəkliyə çevrilir və Alyoxin 6:3 hesabı ilə inamlı qələbə qazanaraq dünya çempionu olur. İndi şərt qoymaq, naz etmək növbəsi Alyoxindəydi. O, da bu imkandan məmnuniyyətlə yararlanır: “Əgər, Kapablanka mənimlə təkrar görüşmək istəyirsə, buyursun, “London protokolu”na əməl etsin”.

Təbii ki, Kapablanka bu məbləği tapa bilmir və onlar bir daha tac uğrunda görüşmürlər. 20-ci əsrin 30-cu illəri Alyoxin həm şəxsi həyatda, həm də şahmat həyatında uğursuzluq yaşayır. Bu tənəzzülün pik nöqtəsi olan hadisə 1935-ci ildə baş verir. Dünya çempionu adı uğrunda Alyoxin gözlənilmədən Maks Eyveyə uduzur. Sonradan depressiya zolağına düşüb, içki düşkününə çevrilən şahmatçı 1937-ci ildə keçirilən təkrar görüşdə Eyveni darmadağın edir. 1938-ci ildə Hollandiyada 8 nəfər iştirakçısı olan beynəlxalq turnir keçirilir. Burada Alyoxinlə yanaşı eks-çempionlar Kapablanka və Eyve də var idi. Turnir sensasiyalarla yadda qalır. Çempion eston Keres olur və Roben Fayn ikinci, rus Mixail Botvinnik 3-cü yeri tutur. Alyoxin 6-cı, Kapablanka isə 7-ci yeri tutur.Turnir göstərir ki, artıq şahmat yeni dövrün astanasındadır. Başlayan II dünya müharibəsi Alyoxinlə gənc sovet şahmatçı Botvinnikin görüşünü təxirə salır. Müharibə dövründə dahi şahmatçı işğal altında olan Fransada yaşayır. O, alman qəzetləri üçün şahmat mövzusunda məqalələr yazır və müxtəlif turnirlərdə iştirak edir. 1943-ci ildə o, Portuqaliyaya köçür, sadə, demək olar ki, asketik bir həyat tərzi sürür. Sonradan almanlarla əməkdaşlıqda ittiham olunan dünya çempionu, “bunu yaxınlarımın xilası naminə etdim” deyərək özünə bəraət axtarır. 1945-ci ildə bu əməkdaşlığa görə Avropada boykot edilir, Fransada isə vətən xaini elan olunur.1946-cı ildə Sovet İttifaqı Alyoxinlə Botvinnik arasında görüşün keçirilməsi üçün təşəbbüs irəli sürülür. FİDE bu istəyi dəstəkləyir və həmin günün səhərisi Alyoxin yazının əvvəlində bəhs etdiyimiz şəkildə dünyasını dəyişir.İndi də bu müəmmalı ölümün sovet xüsusi xidmət orqanlarının törətdiyi barədə versiyalar irəli sürülür, amma ortada heç bir dəlil-sübut yoxdur. Aleksandr Alyoxin həyatdan dünya çempionu kimi getdi. Hələ ki, şahmat tarixində bu yeganə hadisə olaraq qalır.

"Minalanmış tarlada gəzirəmmiş kimi keçir günlər..." - Seçil Oğuzdan şeir

Məşhur aktyor vəfat etdi

"Bir adam yaratmaq" filmi nə vaxt yayımlanacaq?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
kulis.az

1Mənbələr