Görkəmli Ukrayna şairinin anadan olmasının 155 illiyi münasibətilə Kiyevdə “Lesya Ukrainka Azərbaycan mədəniyyət məkanında” adlı beynəlxalq ədəbi-bədii məclis keçirilib.
Məclis çərçivəsində şairin mədəni irsinin ilk dəfə Azərbaycanda hərtərəfli tədqiqi, o cümlədən Bakının Qaradağ rayonunun Lökbatan kəndindəki Lesya Ukrainka abidəsinin tarixi, eləcə də şairin Azərbaycan dilinə tərcümə olunmuş əsərlərinin icmalı, nəşrləri, məqalələri və onun yaradıcılığı ilə bağlı Azərbaycan müəlliflərinin tədqiqatları təqdim olunub.
“Lesya Ukrainka Azərbaycanın mədəniyyət məkanında” layihəsinin müəllifi və kuratoru, Ukrayna-Türk Mərkəzinin direktoru Marına Qonçaruk qeyd edib ki, layihə mədəni diplomatiyanın qarşılıqlı əlaqəsini və onun Ukraynaya humanitar dəstəyə təsirini nümayiş etdirir. “Tərəzi” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının prezidenti Cəlal Hüseynov isə vurğulayıb ki, bu məclis təkcə tərəfdaşlıq səviyyəsini deyil, həm də onun bütün əhatə dairəsini əks etdirir.
Bədii hissədə Ukrayna sənətçilərinin ifasında Azərbaycan xalq mədəniyyətini təmsil edən xoreoqrafik və vokal çıxışlar səsləndirilib.
XQ