AZ

Luçano Spalletti – A Seriyasında aprelin ən yaxşısı! – ARENA.AZ

“Yuventus”un baş məşqçisi, italiyalı futbol mütəxəssisi Luçano Spalletti A Seriyasında aprel ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.

“Yuventus” aprel ayında keçirdiyi 4 oyunun üçündən qalib ayrılıb, birində heç-heçə edib. Spallettinin komandası “Cenoa” (2:0), “Atalanta” (1:0) və “Bolonya” (2:0) ilə görüşlərdən 3, “Milan”la matçdan (0:0) 1 xalla ayrılıb.

Spalletti cari mövsümdə ilk, karyerasında isə 5-ci dəfə bu mükafata layiq görülüb. O, 2021-ci ilin sentyabr, 2022-ci ilin fevral və oktyabr, həmçinin 2023-cü ilin yanvar aylarında da oxşar uğura imza atmışdı. Spalletti həm də rekordçu (beşqat qalib) olan Simone İnzaqiyə çatıb.

A Seriyasının cari mövsümündəki ilk mükafatı “Kremoneze”yə rəhbərlik edən Davide Nikola qazanmışdı. O, avqustun ən yaxşısı seçilmişdi. Sentyabrda və noyabrda Massimiliano Alleqri (“Milan”), oktyabrda Can Pyero Qasperini (“Roma”), dekabrda və bu ilin yanvarında Kristian Kivu (“İnter”), fevralda Raffaele Palladino (“Atalanta”), martda Sesk Fabreqas (“Komo”) fərqlənmişdi.

Xatırladaq ki, Luçano Spalletti ötən ilin oktyabr ayından “Yuventus”a rəhbərlik edir. İtaliyalı mütəxəssis bu komandanı indiyə qədər 34 oyuna çıxarıb, 19 qələbə, 9 heç-heçə və 6 məğlubiyyət görüb. Turin təmsilçisi A Seriyasının cari mövsümündə 34 turdan sonra 64 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Spalletti məşqçilik karyerası ərzində “Empoli”, “Sampdoriya”, “Venesiya”, “Udineze”, “Ankona”, “Roma”, “Zenit”, “İnter” və “Napoli”yə də rəhbərlik edib. O, “Napoli”yə 1990-cı ildən bəri ilk dəfə olaraq İtaliya çempionluğunu qazandırıb. “Yuventus”dan öncə isə Spalletti İtaliya milli komandasının baş məşqçisi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
42
8
arena.az

10Mənbələr