Mayın 2-si Azərbaycan elminin, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Hafiz Paşayevin doğum günüdür.
AzNews.az xatırladır ki, Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci ildə Bakı şəhərində anadan olub.
O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. 1964-67-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb.
1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.
1971-92-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dəki (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Hafiz Paşayev Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.