AZ

Azərbaycandan qəti mövqe: "Qərəzli sənədlər tarix boyu rədd edilib”

“Avropa Parlamentinin ölkəmizə qarşı düşmənçiliyi dayanmır. Saxta məlumatlar əsasında qəbul edilmiş qərəzli qətnamə bu qurumun böhranını, rüsvayçı vəziyyətə düşdüyünü, korrupsiyaya uğradığını göstərir və Cənubi Qafqazı yenidən qan gölünə çevirmək məqsədini güdür. Belə bir qətnamə Azərbaycan tərəfindən cırılıb atılmış, istifadəyə yararsız kağız parçasıdır”.

Musavat.com bildirir ki, bu sözləri Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.

Sədr müavini qeyd edib ki, bu qətnamə bir daha onu göstərir ki, Avropada təşkilatların, o cümlədən parlament institutlarının ciddi böhranı müşahidə olunur:

"Avropa dövlətlərinin liderlərinin Azərbaycan Prezidenti ilə görüşməyə can atdığı bir şəraitdə, ayrı-ayrı parlamentarilərin bu cür qərəzli sənədlər qəbul etməsi həmin qurumları gözdən salır və onları rüsvayçı vəziyyətə salır.

Sual olunur: bu qətnamənin qəbul edilməsinin səbəbi və məqsədi nədir? Burada başlıca səbəb Azərbaycanın qazandığı böyük zəfərin miqyası və əhəmiyyətidir. Bu zəfər həm regional, həm də beynəlxalq müstəvidə ciddi dəyişikliklər yaradıb və bəzi dairələr bunu qəbul etmək istəmirlər. Araşdırma aparılarsa, həmin qətnaməyə səs verən bəzi deputatların erməni milyonçularla əlaqələrinin və digər ölkələrin xüsusi xidmət orqanları ilə bağlılıqlarının üzə çıxması mümkündür".

Sədr müavini əlavə edib ki, belə qətnamələrin hər hansı perspektivi yoxdur:

"Yaxın tarixin təcrübəsi göstərir ki, Azərbaycanla hədə-qorxu dili ilə, qərəzli yanaşma və əsassız ittihamlarla danışmağın heç bir nəticəsi olmayıb və olmayacaq. Azərbaycan belə qətnamələri həmişə sol əlinin arxası ilə geri çevirib və bu qətnamə də belə olacaq".

Musa Qasımlı sonda çıxış yoluna da toxunaraq qeyd edib ki, yeganə düzgün yol Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulmasıdır:

"Bundan fərqli yol seçənlər gec-tez uğursuzluğa düçar olacaqlar və bunu yaxın tariximizin təcrübəsi də aydın şəkildə sübut edir".

 

Xalidə Gəray
Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr