AZ

Trampın müttəfiqlərə sərt tənqidi ABŞ və Avropa arasında parçalanmanı dərinləşdirir

Son həftələr ABŞ prezidenti Donald Trampla Avropa arasındakı mürəkkəb münasibətlərin yaxşılaşacağına ümid edənlər üçün nikbin olmayıb. 

HİT.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

Bildirilir ki, bu həftə ABŞ lideri Almaniya kansleri Fridrix Mertsi İranla müharibəni tənqid etdiyinə görə sərt şəkildə hədəfə alıb və onu “tamamilə qeyri-effektiv” adlandırıb. Ardınca Pentaqon Almaniyada yerləşən 36 400 hərbçidən 5 mininin ixtisar ediləcəyini açıqlayıb, həmçinin Aİ-dən idxal olunan minik və yük avtomobillərinə rüsumların artırılacağını bildirib. Bu addım ən çox Almaniyaya təsir edəcək.

Bundan əlavə, Tramp Böyük Britaniyanın baş naziri Kir Starmeri də tənqid edərək onun “Uinston Çörçill olmadığını” deyib və ölkədən idxala “böyük rüsumlar” tətbiq etməklə hədələyib.

“Reuters” əlavə edir ki, ABŞ Müdafiə Nazirliyi NATO üzrə bəzi müttəfiqləri – xüsusilə ABŞ-ın İranla müharibədə əməliyyatlarını kifayət qədər dəstəkləmədiyi düşünülən ölkələri – cəzalandırmaq ideyasını irəli sürüb. Bu çərçivədə İspaniyanın üzvlüyünün dayandırılması və Folklend adalarının Böyük Britaniyaya məxsusluğunun yenidən nəzərdən keçirilməsi kimi təkliflər səsləndirilib.

Bu fonda Avropalı diplomatların biri jurnalistlərə bildirib: “Bu, yumşaq desək, narahatlıq yaradır. Biz istənilən vaxt, istənilən ssenariyə hazırıq”.

Digər diplomat isə qeyd edib ki, Almaniyanın keçmiş kansleri Angela Merkelin Trampın ilk prezidentliyi dövründə tətbiq etdiyi yanaşma daha düzgün olub.

“Biz artıq Tramp ilə necə davranmağı bir qədər öyrənmişik. Dərhal reaksiya vermək olmaz, mövqeyini qoruyaraq vəziyyətin sakitləşməsini gözləmək lazımdır”, deyə diplomat bildirib.

Onun sözlərinə görə, Trampa yaltaqlanmağa çalışanlar da eyni şəkildə tənqidə məruz qalıb: “Bunu etməyə çalışanların hamısı digərləri kimi təhqirlərlə üzləşdi. Artıq hamı başa düşür ki, yaltaqlıq da işə yaramır”.

Baxmayaraq ki, ABŞ administrasiyasında Avropaya skeptik yanaşma geniş yayılıb, Respublikaçılar Partiyasında hamı bu kursu dəstəkləmir.

Respublikaçı konqresmen Don Bekon “Twitter”də yazıb ki, NATO müttəfiqlərinə qarşı davamlı hücumlar əks nəticə verir və amerikalılara zərər vurur: “Almaniyadakı iki böyük aviabaza bizə üç qitəyə çıxış imkanı verir. Biz öz ayağımıza güllə atırıq”.

ABŞ-ın keçmiş diplomatı və “Con Hopkins Universiteti” nəzdində Amerika-Almaniya İnstitutunun rəhbəri Cefri Ratke isə bildirib ki, Avropa ölkələri Trampın siyasətinə qarşı daha qəti mövqe tutmağa başlayır. Onun sözlərinə görə, buna daxili siyasi təzyiqlər də təsir edir.

O qeyd edib ki, Fridrix Merts ABŞ-ın İrana qarşı müharibə qərarını getdikcə daha sərt tənqid edir: “Aydındır ki, iki ay əvvəl ‘indi ABŞ-a dərs vermək vaxtı deyil’ deyən bir siyasətçi üçün nələrsə dəyişib. Bu müharibə alman cəmiyyəti üçün kənardan izlənilən hadisə deyil, birbaşa təsir göstərir”, – deyə o, enerji qiymətlərinin artımına istinad edib.

Bununla yanaşı, Avropalı diplomatlar bildirir ki, “tektonik dəyişikliklərə” baxmayaraq, onlar transatlantik əlaqələrə sadiq qalırlar, lakin yeni yanaşmalara ehtiyac var.

“Bizim üçün əsas dərs odur ki, artıq İkinci Dünya müharibəsindən sonra formalaşmış status-kvoya güvənə bilmərik. Biz yalnız yumşaq güc məkanı deyil, həm də güclə dəstəklənə bilən bir məkan olmalıyıq”, deyə Qərb diplomatlarından biri vurğulayıb.

Samir

Seçilən
16
50
hit.az

10Mənbələr