AZ

Oyun yox, 9 qolluq tamaşa! - Noyer ATƏT-in MinskQrupunun həmsədri rolunda...

Aprelin 28-29-da Çempionlar Liqasında ilk yarımfinal oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, komandalardan heç biri finala vəsiqənin taleyini həll edə bilmədi. Əminliklə demək olar ki, cavab görüşləri də gərgin mübarizə şəraitində keçəcək. “Arsenal” – “Atletiko” oyunu mayın 5-də, “Bavariya” – PSJ oyunu mayın 6-da olacaq.

Dünyanın, təbii ki, onun bir parçası olan Azərbaycanın da futbol ictimaiyyəti heyrət və təəccüb içindədi: bu necə oyun, necə tamaşa idi?! Amma afişa oyunun məzmununu doğruldur. ÇL-in yarımfinalına qədər irəliləmisənsə, məhz elə belə oynamalısan! “Sağ əliniz bizimkilərin başına” deyib, meydanda yaşananlara toxunaq.

Cəzalı Kompani “Bavariya”ya ehtiyat oyunçular skamyasından rəhbərlik edə bilməsə də, Almaniya nəhənginin əhvalı yerində idi. Münhenlilər üç gün əvvəl “Maynts-05” ilə oyunda fasiləyə 0:3 geridə yollanmış, amma inanılmaz geridönüşü bacarmışdılar. Meydana da döyüşkən heyət çıxmışdı: “Real”la cavab oyunu ilə müqayisədə Qnabrini əvəz edən Musiala artıq çoxdan sağalıb, son oyunlarda yaxşı forma yığıb. Noyer də yerində idi, inanılmaz Olise – Keyn – Dias üçbucağı da. PSJ-nin də heyətlə bağlı problemi yox idi: Vitinya və Mendeş tam bərpa olunmuşdu. Belədə azarkeşlərin qitə futbolunun iki nəhəhginin ifasında baxımlı oyun gözləməyə haqqı çatdırdı. Adamlar istədiyini aldı!

Hərçənd ilk 15 dəqiqə “qol yağışı”ndan xəbər vermirdi. Topa yiyələnən “Bavariya” təzyiq göstərsə də, cərimə meydançasına bir neçə təhlükəli asma göndərsə də, ilk qolu penaltidən vurdu. 16-cı dəqiqədə Paço Diası cərimə meydançasında yıxdığına görə Şerer “nöqtə”ni göstərdi. Safonovun Keynlə dueldə heç bir şansı yox idi. İngiltərəli ulduzun qolu “oyunu açdı” və son yarımsaatda meydanda inanılmaz hadisələr baş verdi. Qoldan bir dəqiqə sonra rusiyalı qapıçı komandasını xilas etdi. Mərkəzdə topa yiyələnən Musialanın başladığı sürətli əks-hücumu Olise az qala qolla tamamlayacaqdı – Safonov özünü topun önünə atdı.

PSJ sanki məhz bu məqamdan sonra daha fəal oynamağın vacibliyini anladı. 23-cü dəqiqədə topu ələ keçirən Dembele Noyerlə təkbətək çıxsa da, faciəvi dərəcədə pis zərbə vurdu. Amma növbəti hücumda hesaba tarazlıq gəldi: müdafiəçilərin arxasından sıçrayan Kvaratsxeliya ənəvəvi üslubunda sağa meyillənib, qapının uzaq küncünü “nişan aldı”.

Az sonra “Bavariya” yenidən irəli çıxa bilərdi. Sevimli cinahı ilə irəliləyən Olise qapı önünə ötürmə verdu, Neveşdən səkən top dirəyə dəyəndən sonra Safonov onu ələ keçirdi. Cavab hücumunda Due parladı – top onun zərbəsindən sonra “çərçivə”dən aralı keçdi. Əvəzində fransalının qazandığı künc zərbəsi qolla nəticələndi. Dembele kornerdən asma etdi, 174 santimetr boya malik Neveş hamını qabaqlayaraq topu başla elə yerə göndərdi ki, Noyer, sadəcə, gücsüz idi. Amma parislilərin hesabda üstünlüyü də uzun sürmədi. 41-ci dəqiqədə müdafiəni mərkəzdən yaran Olise 4 rəqibin əhatəsində elə güclü zərbə vurdu ki, qapıda bir yox, iki Safonov da dayansaydı, xeyri olmayacaqdı. Amma bu qol da son deyildi. Dembele uzatma dəqiqələrində topu Deyvisin əlinə vurdu.

Azərbaycanlı futbolsevərlər dərhal “Sabah”la “Qarabağ” arasındakı kubok oyununu – Duranın zərbəsindən sonra Simiçin əlinə dəyən topu və hakimin penalti təyin etməməsini xatırladı. Ancaq Rəvan Həmzədadən fərqli Sandro Şerer penaltiyə ehtiyac duydu. Daha dəqiqi, isveçrəli referi VAR-ın məsləhətindən sonra belə qərar verdi. Dembelenin dəqiq zərbəsindən sonra komandalar, nəhayət, paltardəyişmə otağına yollandı.

Çox güman, Enrike paltardəyişmə otağında futbolçularına “Bavariya”nın müdafiəçilərinin tez-tez boş qoyduğu zonalara diqqət yetirməyi tapşırmışdı. Məhz həmin tapşırığın nəticəsi kimi 2-ci hissənin əvvəlində hesab arasındakı fərq artdı. Sağdan cərimə meydançasına daxil olan Hakimi topu penalti nöqtəsi həndəvərinə göndərdi, Dembele ilə Zair-Emeri bilərəkdən topun üzərindən tullandı, tam nəzarətsiz qalan Kvaratsxeliya 4-cü topu münhenlilərin qapısından keçirdi. Saatın tamamında fərq darmadağın həddinə çatdı. Yenə də Dembele möhtəşəm oynadı, Duedən ötürmə alandan sonra aldadıcı hərəkətlər etdi və topu qapıçıya yaxın küncə göndərdi. Dirəyə dəyən top tora daxil oldu. Noyer bu epizodda uzun illər ərzində Qarabağ münaqişəsinin həll yolunda heç nə etməyən ATƏT-in MinskQrupunun həmsədrlərini xatırlatdı.

Hesab 5:2 olandan sonra ya PSJ tez arxayınlaşdı, ya da “Bavariya”nın təzyiqi artırması oyunun axarını tam dəyişdi. Hər halda, münhenlilər ardıcıl iki qol vura bildi. 65-ci dəqiqədə Kimmix cərimə zərbəsindən asma etdi, Upamekano yüngül toxunuşla Safonovu çaşdırdı. Meydandakı komandalardan biri Almaniya təmsilçisidisə, xüsusən də “Bavariya”dısa, mübarizənin sona qədər davam edəcəyi gün kimi aydındı. Təbii ki, münhenlilər 3:5-in mümkün fəsadlarından xəbərdar idi. Bu üzdən onların növbəti qol axtarışına çıxması təəccüb doğurmadı. Həmin qolu isə möcüzəvi ötürmə ilə Keyn yaratdı. O, Diasın Markinyosun arxasına “açılmasını” vaxtında gördü və kolumbiyalı fərqi minimuma endirdi. Düzdü, yenə də VAR-ın yoxlamasına ehtiyac yarandı, baxmayaraq ki, qol qaydalar çərçivəsində vurulmuşdu.

Əlbəttə, azarkeşlər ziyafətin davamını tələb edirdi. Hərçənd 9 qol da az qala arzuların zirvəsidi. Növbəti qolların vurulması üçün imkanlar da var idi. Ta fərqlənə bilərdi, sonradan oyuna qoşulan Mayulu topu tirə vurdu. Uzatma dəqiqələrində Safonov fədakarcasına özünü Laymerin zərbəsi altına atdı. Son saniyələrdə isə Kimmixin zərbəsindən sonra Paço başla topu qapı xəttindən çıxardı. Oyun PSJ-nin mininal hesablı qələbəsi ilə bitdi. İndi hər kəs bu komandalar arasındakı cavab görüşünü səbirsizliklə gözləyir. Doğrudan da, gözləməyə dəyər!

yarımfinal, ilk oyun
PSJ – Bavariya 5:4 (3:2)

PSJ (Fransa): Safonov, Mendeş (L.Ernandes, 84), Paço, Markinyos, Hakimi, Neveş, Vitinya, Zair-Emeri (Ruis, 64), Kvaratsxeliya (Mayulu, 84), Dembele, Due (Barkolya, 70).
Bavariya (Münhen, Almaniya): Noyer, Deyvis (Laymer, 46), Ta, Upamekano, Stanişiç, Pavloviç (Cekson, 90+3), Kimmix, L.Dias, Musiala (Qoretska, 79), Olise, Keyn.
Qollar: Keyn, 17-p. (0:1). Kvaratsxeliya, 24 (1:1). Neveş, 33 (2:1). Olise, 41 (2:2). Dembele, 45+5-p. (3:2). Kvaratsxeliya, 56 (4:2). Dembele, 58 (5:2). Upamekano, 65 (5:3). L.Dias, 68 (5:4).
Vərəqələr: Markinyos, 12. Ruis, 77. Hakimi, 80 – sarı.
Hakim: Sandro Şerer (İsveçrə).
28 aprel. Paris. 47511 tamaşaçı.

Faktlar
* Markinyos Roberto Karlosun ÇL ilə bağlı rekordunu təkrarladı. Meydana start heyətində çıxan müdafiəçi bu turnirdə 120-ci oyununu keçirdi. Braziliyalı futbolçulardan yalnız Roberto Karlos (Real, Fənərbaxça) turnirdə bu qədər oyun keçirib.
* Kvaratsxeliya bu oyunda dulb etdi. 25 yaşlı gürcü vinger ÇL-in cari mövsümündə 10 qol vurub, 5 məhsuldar ötürmə verib. “Opta Sports”un hesablamasına inansaq, Xviça turnirin bir mövsümündə məhsuldar hərəkətlərin sayına görə klub rekordunu yenilədi. İndiyə qədər ən yaxşı nəticə 2024/25 mövsümündə 8 qol və 6 ötürmə ilə yadda qalan Dembeleyə məxsus idi. Yeri gəlmişkən, Xviça ÇL-də 15 qol vurub ki, bu göstəricidə bütün qalan gürcü futbolçuları (cəmi 12 qol) qabaqlayır.
* PSJ 2021-ci ilin aprelindən (3:2) bəri ilk dəfə “Bavariya”nı ÇL-də məğlub edə bildi. Həmin vaxtdan bəri keçirilən 5 oyunun hamısında münhenlilər qələbə qazanmışdı.
* PSJ turnirin cari mövsümündə qol sayını 43-ə çatdırdı. Yalnız 1990/2000 mövsümünün “Barselona”sı bundan daha çox – 45 qol vurub. Elə həmin “Barsa” 2024/25, “Bavariya” isə 2019/20 mövsümündə 43 qol vura bilib. Münhenlilərin cari ÇL mövsümündə qol sayı 42-yə bərabərdi.
* Luis Enrike ÇL-də baş məşqçi kimi keçirdiyi 77-ci oyunda 50-ci qələbəsini qazandı. O, 50 qələbə həddinə istənilən digər baş məşqçidən daha tez çatdı. Əvvəlki rekord 50-ci qələbəni 80-ci oyunda qazanan Pep Qvardiolaya məxsus idi.
* Keyn ÇL tarixinə ardıcıl 6 oyunda qol vuran ilk ingiltərəli futbolçu kimi düşdü. O, PSJ ilə oyuna qədər liqa mərhələsində “Union”la PSV-nin, 1/8 finalda “Atalanta”nın və 1/4 finalda “Real”ın (hər iki oyunda) qapısına yol tapmışdı. Keyn ÇL-də keçirdiyi son 6 oyunda 8 qol vurub. Harri 2008-ci ildə ardıcıl 5 oyunda fərqlənən Stiven Cerrardın rekordunu yenilədi.
* Keyn həmçinin “Bavariya” tarixinin bombardirləri siyahısında braziliyalı Covane Elberə çatdı. İngiltərəli hücumçu münhenlilərin heyətində keçirdiyi 142 oyunda 139 qol vurub. Elberin də hesabında bu qədər qol var, sadəcə, 266 oyunda. Klub tarixinin bombardirləri siyahısında 9-cu pillədə 142 qolla Diter Brenninger qərarlaşıb. “Bavariya”nın bu göstəricidə rekordçusu isə Herd Müllerdi (570).
* “Bavariya” son üç ayda ilk dəfə uduzdu. Münhenlilər sonuncu dəfə yanvarın 24-də - “Auqsburq”la oyunda (1:2) “ağ bayraq qaldırmışdı”. Həmin vaxtdan bəri komanda 17 oyunda qələbə qazanmış, 2 oyunda heç-heçə etmişdi.
* “Bavariya” 21-ci əsrdə ilk dəfə ÇL-də 5 top buraxdı. Münhenlilərin qapısına sonuncu dəfə 1995-ci ilin aprelində “Ayaks” bu qədər qol vurmuşdu. Amsterdamlılar onda yarımfinal oyununda evdə 5:2 hesabıyla qalib gəlmişdi.
* Noyer karyerasındakı ən unikal oyunlardan birini keçirdi. O, ÇL-in son 16 mövsümündə pley-off oyununda 5 top buraxan və bu zaman bir seyv də etməyən ilk qapıçıdı. Ümumiyyətlə, Noyer karyerasında 5-ci dəfə 5 top buraxdı. 40 yaşlı alman qapıçı üç dəfə “Bavariya”nın, iki dəfə “Şalke-04”ün heyətində belə aqibətlə üzləşib. “Bavariya” PSJ ilə matça qədər Noyerlə iki dəfə “Ayntraxt”a 1:5 hesabıyla uduzub, helzenkirhenlilər isə “Kayzerslautern” (0:5) və “Verder” (1:5) önündə darmadağın olub.
* ÇL-in yarımfinalları tarixində ilk dəfə 1-ci hissədə 5 qol vuruldu. Yarımfinaldakı 9 qol da bu turnirin yeni rekordudu. İndiyə qədər bu mərhələdə bir oyunda uzaqbaşı 7 qol vurulmuşdu.

Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Komanda olduğumuzu göstərdik. Heç vaxt belə intensiv oyun, qələbəyə belə can atmaq görməmişdim. Hər iki komandanın azarkeşləri belə tamaşa izlədiyinə görə xoşbəxtdi. Fiziki hazırlıq planında əziyyət çəkmədik. Belə tempi heç vaxt görməmişdim. Hər iki komandanı və bütün oyunçuları tərifləmək lazımdı. Üç top geri düşən rəqib böyük riskə gedir, həmin rəqib isə çox yüksək səviyyəlidi. Çətin idi, cavab oyununda da belə olacaq. Bu, “Bavariya”nın cari mövsümdəki yalnız üçüncü məğlubiyyətidi. Hər iki komanda xarakter göstərdi. Qeyri-adi oyun izlədik. Heç bir kilometr qaçmasam da, elə yorulmuşam ki... Odu ki, oyunçuların özünü necə hiss etdiyini bilmirəm. Oyunda hər şey var idi: çoxlu qalxma-enmələr. Oyunçuları, hər iki komandanı. burda iştirak edən hər kəsi təbrik etməyin vaxtıdı. Qələbəni haqq etdik, razıyıq. Əlbəttə, oyunun gedişindəki 5:2-ni nəzərə alsaq, hesab başqa cür də ola bilərdi. Oyunu təhlil etmək lazımdı. Yaxşılaşdırmalı olduğumuz aspektlər var. Ancaq yüksək səviyyəli çoxlu oyunçusu olan komandaya qarşı bunu etmək o qədər də asan deyil. Dörd qol buraxdıq, bunun üzərində işləməliyik. Bərpa olunacaq, çempionat haqda düşünəcək, ardından cavab oyununa köklənəcəyik. Düşünürəm ki, Münhendə də bizi oxşar oyun gözləyir. İndi çatışmazlıqları göstərmək vaxtı deyil. Bu gün heç-heçə də edə, uduza da bilərdik. Şübhəsiz, bu, məşqçi kimi iştirak etdiyim ən yaxşı oyun idi”.

Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:
“Bu oyunu izləmək xoşuma gəldi. Sadəcə, yer heç də ürəyimcə deyildi. 80 metr məsafədən qərar verə bilmirdim, ancaq oyunçularımın başverənlərə reaksiyasını bəyəndim. Bu, futbolu sevənlər üçün olan oyun idi. Bizim stadionda hansısa qeyri-adi hadisə baş verə bilər. Alovlu atmosfer olacaq. Bizə, sadəcə, evdə məğlubiyyətin əvəzini çıxmaq imkanını qorumaq lazım idi. Hesab 2:5 olanda bu sual altındaydı. Biz heç vaxt təslim olmuruq. PSJ qonağımız olacaq, bütün gücümüzü ortaya qoyacağıq, lap ölmək lazım gəlsə belə. Onların yolunu gözləyirik. Hesab 2:5 olanda qorxu hissi? Yox, mən bədbin adam deyiləm. Hətta 1 faiz şans qalırsa, hər şeyin dəyişə biləcəyini anlayıram. Biz qələbəyə inanırıq. İndi hesab 1:0 PSJ-nin xeyrinədi, odu ki, cavab görüşündə qalib gəlməyə borcluyuq. Bu gün oyunların nəticəsinin kiçik detallardan asılı olduğunu gördük. Bu detallar gələn həftə də ən azı indiki qədər önəmli olacaq. Evdə bütün gücümüzü səfərbər etməliyik. Bu sözüm azarkeşlərə də aiddi. Stadiona gələcək 75 min azarkeşin can qoyması lazımdı. Qalib gəlməliyik, bunun üçün azarkeş dəstəyinə də ehtiyac duyuruq. Avropanın ən yaxşı komandasına qarşı oynayırıq, PSJ ÇL-in son qalibidi. Bu duelin taleyi hələ aydın deyil. Stadionumuz da rəqibə təsir göstərməlidi. Stadionumuz əfsanəvi yerdi, “Bavariya” orda çoxlu böyük qələbə bayram edib”.
Seçilən
15
1
football-plus.az

2Mənbələr