AZ

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

Bakı Biznes Mərkəzində Beynəlxalq Xalça Festivalının açılış mərasimi olub. 

"Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın məqsədi qədim Azərbaycan xalçaçılıq sənətini ölkəmizin hüdudlarından kənarda tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, eləcə də dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Beynəlxalq Xalça Festivalına respublikamızın, həmçinin bir sıra ölkələrin xalçaçıları, istehsalçıları, sənət adamları və mütəxəssisləri qatılıblar. Açılış mərasimində çıxış edən "Azərxalça" ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov bu il də Beynəlxalq Xalça Festivalı çərçivəsində forum təşkil olunduğunu, artıq bu platformanın ənənəvi xarakter aldığını diqqətə çatdırıb. Emin Məmmədov forumun həm yerli ictimaiyyət, həm də xarici qonaqlar üçün mühüm müzakirə və təcrübə mübadiləsi məkanı olduğunu bildirib. Beynəlxalq Xalça Festivalının əhəmiyyətini vurğulayan sədr bu cür tədbirlərin Azərbaycan xalçaçılıq sənətinin dünyada tanıdılması, zəngin mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynadığını qeyd edib. Eyni zamanda tədbirin məqsədinin xalça sənayesinin müasir dövrün tələblərinə uyğun inkişafına töhfə vermək, beynəlxalq əməkdaşlığı genişləndirmək və sahənin iqtisadi potensialını artırmaq olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud tədbirdə tərəfdaş qismində iştirak etməyin onlar üçün böyük məmnunluq doğurduğunu bildirib. Rüfət Mahmud festivalın builki proqramının daha zəngin və maraqlı olacağını nəzərə çatdırıb, bu ovqatı yaxından hiss etmək üçün hər kəsi İçərişəhərə dəvət edib.

Mərasimdə mədəniyyət nazirinin müavini Səadət Yusifova da çıxış edib. O, Azərbaycan xalçaçılıq sənətinin xalqımızın zəngin mədəni irsinin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Qeyd edib ki, bu sənətin qorunması, inkişaf etdirilməsi dövlətin prioritet istiqamətlərindən biridir. Səadət Yusifova ölkəmizdə xalçaçılığın yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün ardıcıl layihələr həyata keçirildiyini, beynəlxalq əməkdaşlığın genişləndirildiyini diqqətə çatdırıb.

Açılış mərasimində "Xalça sənayesi: dəyər, dizayn və rəqabət qabiliyyəti" mövzusuna həsr olunmuş Beynəlxalq Xalça Forumu da düzənlənib. Xalça sənayesinin aparıcı beynəlxalq ekspertlərini, dizaynerləri, istehsalçıları, tədqiqatçıları, ixracatçıları və yaradıcı sənaye nümayəndələri forumda iştirak ediblər. Qeyd edək ki,  ikinci dəfə keçirilən forum əllə toxunan xalçaların ənənəvi irsdən qlobal rəqabətədavamlı məhsula çevrilməsi istiqamətində mühüm platforma sayılır.

Beynəlxalq Xalça Festivalı mayın 3-dək davam edəcək. Proqramı olduqca maraqlı, zəngin və rəngarəng olan festivalda xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici tədbirlər keçiriləcək.

Zöhrə FƏRƏCOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Seçilən
16
3
azerbaijan-news.az

4Mənbələr