AZ

Şok: “Kəpəz”in futbolçularına Azər Bağırov yox, polis rəisi motivasiya verir!

Adətimdi, hər gün xəbər lentinə baxıram ki, ölkə ərazisində baş verən hansısa ictimai-siyasi, mədəni-kütləvi, idman hadisəsi gözümdən qaçmasın. Artıq özüm üçün dəqiqləşdirmişəm: bu hər şeydən xəbər tutmaq marağı məni qəbir evinə qədər izləyəcək. Kim bilir, mən ölənə bəlkə elə yeni texnologiyalar çıxar, elə süni intellekt hoqqalarıyala üzləşə bilərik ki, o dünyada ola-ola, bu dünyada başverənləri də izləyərik. Zarafat bir yana, şəxsən mənim üçün bugünün ən cəlbedici xəbəri Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyevin "Kəpəz"in Akademiyasına baş çəkməsi oldu. Klubun ictimaiyyət üçün yaydığı xəbərə görə, rəislə görüşdə klub rəsmiləri, komandanın məşqçi heyəti və futbolçular iştirak edib.
Əvvəlcə Teymur Hacıyevə Akademiyanın infrastrukturu və fəaliyyəti barədə məlumat verilib, mövcud şəraitlə yaxından tanışlıq olub. Daha sonra Baş Polis İdarəsinin rəisi komanda üzvləri ilə görüşərək onlarla söhbət edib.
Görüş zamanı polis general-mayoru futbolçulara qarşıdakı oyunlarda uğurlar arzulayıb, onlara həm idmanda, həm də şəxsi həyatda müvəffəqiyyətlər diləyib. O, həmişə “Kəpəz”in yanında olduğunu bildirib.
Necə deyərlər, tədbirin rəsmi hissəsi ilə bağlı hər şey aydındı. Amma mənə qaranlıq qalan məqamlar var. İlk növbədə baş məşqçi Azər Bağırovu şəkillərdə görə bilmədiyimi deməliyəm. Bunu necə başa düşək: belə çıxır ki, Bağırov artıq ardıcıl 4 oyunda uduzan, elitada qalması sual altına düşün “Kəpəz”in futbolçularına motivasiya verməkdə, onları ruhlandırmaqda çətinlik çəkir ki, “Sumqayıt”la sabahkı önəmli oyun ərəfəsində polis rəisinin yardımına ehtiyac yaranır? İkincisi, dünyanın hansısa ölkəsində polis rəisinin oyundan bir gün əvvəl komandaya motivasiya verdiyi görünübmü? Üçüncü, görəsən, təşkilatçılar o gözlərini qıyıb, təəccüblə baxan yapona – Rinosuke Ohoriyə bu görüşün mahiyyətini necə izah ediblər?
Yox-yox, mən hər şeyi gözəl anlayıram. Bu böyük və gözəl şəhərin əsas komandası elitadan düşmək təhlükəsi yaşayır, bəzən futbolçulara xoş söz deməklə yanaşı, hərbə-zorba da gəlmək lazımdı. Zarafat deyil, uzun müddətdə sonra Gəncə üçün yeni stadion tikilib, komandanın elitada yox, 1-ci liqada oynamasını sıravi azarkeşə əsla qəbul etdirmək mümkün olmayacaq. Amma hər işin də bir qaydası var da. Şəhərin ziyalı-idman elitasını bir araya gətirin, qoy futbolçularla söhbət eləsinlər, durumun həssaslığını, elitadan gedişin mümkün fəsadlarını anlatsınlar. Məncə, futbolçular həmin elitanı daha yaxşı anlayar, nəinki hörmətli polis rəisini.
...Mənim üçün maraqlıdı: görəsən, Ohori Hiroşima prefekturasına qayıdanda polis rəisi ilə görüş haqda qohum-əqrəbasına nə danışacaq?
HUŞƏNG

Seçilən
24
football-plus.az

1Mənbələr