“Müəyyən şəxslər beynəlxalq təşkilatlarda post əldə etdikdən sonra ondan siyasi alver və müəyyən çirkin şəbəkələr qurmaq üçün istifadə etməyə çalışırlar. Onlardan biri Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo, digəri isə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə sabiq ali nümayəndəsi Cozep Borreldir. Onlar üçün əsas məsələ hüququn aliliyi, insan hüquqlarının qorunması deyil, bu və ya digər məqsədlə ölkələrin daxili işlərinə qarışmaq, hakimiyyət dəyişikliklərinə, yaxud bu və ya digər ölkədə gərginliyə nail olmaqdır”.
Bu fikirləri Musavat.com-a şərhində Milli Məclisin deputatı Aydın Mirzazadə deyib. Onun fikrincə, bu bir şəbəkədir: “Belə şəbəkələr ilk növbədə müstəqil siyasət yeridən ölkələrə qarşı işləyirlər. Azərbaycan ictimaiyyəti hər zaman ölkəmizə qarşı belə bir şəbəkənin olduğunu bildirirdi. Bizə qarşı yönələn iddiaların əsassız olduğuna dair çoxsaylı faktlar təqdim olunub. Maraqlıdır ki, həmin şəxslər vəzifədən getdikdən sonra həmin vəzifəni tutan yeni şəxslər əvvəlkilərin metodlarından istifadə etmirlər.
Deputatın sözlərinə görə, Azərbaycanın öz suverenliyini bərpa etməsi, Ermənistanla qəti sülhə nail olmağa yaxın olması xaricdəki müəyyən dairələri narahat edir: "Buna yol verməmək üçün gah Azərbaycana qarşı müəyyən ittihamlar irəli sürürlər, gah da Ermənistandakı seçki prosesinə müdaxilə edirək onlara sərf edən, sonradan onların vasitəsilə ölkəmizdə gərginlik yaratmaq istəyən insanları müdafiə etməyə çalışırlar. Göründüyü kimi, qərəzli siyasət yeridən insanlar üçün hüquq, siyasi alver, ailə biznesi predmetidir. Yayılan videogörüntü onların əməllərini tam ifşa edir. İnanmıram ki, onlar bu ittihamları hər hansı formada izah edə bilsinlər. Okampolar, Borrellər bilməlidirlər ki, apardıqları siyasətin heç zaman nəticəsi olmayacaq. Ölkələr öz müstəqilliklərini qorumaq üçün həm daxili, həm də beynəlxalq resurslardan maksimum istifadə edəcəklər. Bu, ilk növbədə Azəbaycan aiddir. Heç kimin bizim daxili işlərimizə qarışmasına, bizə demokratiya və insan hüquqları dərsləri keçməsinə ehtiyac yoxdur”.
Nigar Həsənli
Musavat.com