"Bu gün ailə quranların böyük əksəriyyətini gənclər təşkil edir və mən hesab edirəm ki, bugünkü gənc nəsil həm intellektual səviyyə, həm də vətənpərvərlik baxımından bəlkə də ən yüksək inkişaf dövrünü yaşayır. Gənclərimizin təhsildə, əmək fəaliyyətində, hərbi sahədə və digər istiqamətlərdə əldə etdiyi nailiyyətlər qürurvericidir. Bu isə təsadüfi deyil. Çünki gənclərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Eyni zamanda ailə institutunun formalaşması üçün də kifayət qədər əlverişli şərait mövcuddur. Bununla belə, cəmiyyətdə müxtəlif xarakterli insanlar var və fərqli hadisələrin baş verməsi qaçılmazdır. Bu baxımdan müəyyən çatışmazlıqlar da mövcuddur. Bunlara az sayda da olsa, ailələrdə baş verən ayrılıqları və gənclərin ailə qurduqdan sonra bir-birini kifayət qədər anlamamasını misal göstərmək olar. Şübhəsiz ki, bunun müxtəlif səbəbləri var".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.
O, açıqlamasında qeyd edib ki, hesab edirəm ki, mətbuatın və informasiya resurslarının fəaliyyət istiqamətlərindən biri də gənc ailələrin maarifləndirilməsi və qorunmasına yönəlməlidir:
"Cəmiyyətdə zəhməti ilə ailəsini möhkəm şəkildə qoruyan insanların həyat tərzi işıqlandırılmalı, belə ailələr nümunə kimi təqdim olunmalıdır. Əslində bu cür nümunəvi ailələr çoxdur və onların təbliği xüsusi əhəmiyyət daşıyır.
Hər bir gənc ailə sosial və iqtisadi çətinliklərin öhdəsindən birlikdə gəlməlidir. Məhz bu zaman ailə daha da möhkəmlənir. Çünki çətinliklər insanları və cəmiyyəti gücləndirir. Demək olar ki, hər bir ailə həyatında müəyyən çətin dövrlərlə qarşılaşır və bu mərhələni iradə nümayiş etdirərək, birgə addımlamaq vacibdir. Bu sınaqdan sonra isə münasibətlər daha da möhkəm olur.
Unutmamalıyıq ki, hər birimiz bu cəmiyyətin daşıyıcılarıyıq və onun mənəvi dəyərlərini qorumaq məsuliyyəti daşıyırıq. Bu xüsusilə gənc ailələrə aiddir. Mən hesab edirəm ki, gənclər bu vəzifənin öhdəsindən gəlir və bu istiqamətdə daha böyük uğurlar əldə etmək mümkündür".
Vüsalə İbrahimli
