İranın həyata keçirdiyi hücumlar nəticəsində ABŞ-nin Yaxın Şərqdəki azı 16 hərbi obyektinə ciddi ziyan dəyib.
Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı özünün apardığı araşdırmaya istinadən məlumat yayıb.
Telekanalın təhlillərinə və mənbələrdən əldə etdiyi məlumatlara görə, 8 ölkədə yerləşən bu obyektlər ABŞ-nin regiondakı əsas hərbi mövqeləridir və bəziləri hazırda faktiki olaraq istifadəyə yararsız vəziyyətdədir.
Mövzu ilə bağlı danışan məlumatlı mənbə qeyd edib ki, Amerika bazalarında indiyədək bu miqyasda dağıntı müşahidə olunmayıb:
"Bu, müasir texnologiyalardan istifadə edilməklə həyata keçirilən sürətli və hədəf yönümlü zərbələr idi".
Araşdırmada vurğulanır ki, Küveytdəki "Kemp-Arifcan" bazasında peyk rabitə antenalarını qoruyan 6 müdafiə günbəzindən beşi məhv edilib. Eyni zamanda, Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" və İordaniyadakı "Muvaffaq əs-Salti" aviabazalarındakı radarlar da zərbələrə məruz qalıb. ABŞ Konqresindəki mənbə isə bildirib ki, radarlara dəyən ziyan ən ağır itki hesab olunur, çünki bu avadanlıqlar ABŞ-nin regiondakı ən baha başa gələn və məhdud sayda olan hərbi aktivləridir.
Musavat.com