ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Müasir dünyada dövlətlərin gücü artıq yalnız iqtisadi imkanlar və hərbi potensialla ölçülmür. Qloballaşan beynəlxalq münasibətlər sistemində milli ideologiyanın möhkəmliyi, xalqın öz kimliyinə bağlılığı və bu kimliyin dünya ictimaiyyətinə necə təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan üçün azərbaycançılıq ideyası həm ideoloji, həm də strateji baxımdan mühüm rol oynayan, milli birliyi möhkəmləndirən əsas sütunlardan biridir.
Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycançılıq ideyası xalqın tarixi köklərinə, milli-mənəvi dəyərlərinə, dilinə, mədəniyyətinə və dövlətçilik ənənələrinə bağlılığı özündə ehtiva edir. Bu ideya yalnız ölkə daxilində yaşayan vətəndaşları deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid ideya ətrafında birləşdirən mühüm amildir. Məhz bu baxımdan azərbaycançılıq həm milli identikliyin qorunması, həm də dövlət maraqlarının beynəlxalq müstəvidə müdafiəsi üçün güclü platforma rolunu oynayır.
Dünya azərbaycanlılarının təşkilatlanması və onların fəaliyyətinin koordinasiyası diaspor siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan diasporası son illərdə daha fəal, sistemli və məqsədyönlü fəaliyyət göstərərək ölkəmizin milli maraqlarının müdafiəsində mühüm rol oynayır. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmiz haqqında obyektiv və dolğun məlumatların yayılması istiqamətində əhəmiyyətli işlər görürlər.
“Müasir dövrdə informasiya müharibəsi reallığı diaspor fəaliyyətinin əhəmiyyətini daha da artırmışdır. Xarici mediada və müxtəlif platformalarda Azərbaycanla bağlı yayılan qərəzli və qeyri-obyektiv məlumatların qarşısının alınmasında diaspor təşkilatlarının rolu danılmazdır. Bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri, konfranslar, ictimai müzakirələr və media layihələri ölkəmizin mövqeyinin beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir”-deyən politoloq vurğulayıb ki, lobbiçilik fəaliyyəti diaspor işinin ayrılmaz tərkib hissəsidir. Bu fəaliyyət vasitəsilə Azərbaycanın maraqları xarici ölkələrin siyasi dairələrində müdafiə olunur, qərarverici şəxslərlə əlaqələr qurulur və ölkəmizlə bağlı məsələlərin gündəmdə saxlanılması təmin edilir. Güclü lobbiçilik şəbəkəsi beynəlxalq münasibətlərdə mühüm təsir vasitəsidir və bu baxımdan Azərbaycan diasporunun bu istiqamətdə fəaliyyəti getdikcə daha peşəkar xarakter alır.
Nicat İsmayılov hesab edir ki, diaspor təşkilatlarının fəaliyyətində mədəniyyətin təbliği xüsusi yer tutur. Azərbaycan musiqisi, ədəbiyyatı, incəsənəti və zəngin mətbəxi dünya xalqları arasında ölkəmizin tanıdılmasında mühüm vasitədir. Müxtəlif ölkələrdə təşkil olunan mədəni tədbirlər, sərgilər, festivallar və konsert proqramları vasitəsilə Azərbaycan mədəniyyəti geniş auditoriyaya təqdim olunur. Bu cür tədbirlər yalnız mədəni əlaqələri gücləndirmir, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına töhfə verir: “Xüsusilə diaspor gənclərinin fəallığının artırılması strateji əhəmiyyət kəsb edir. Gənclər həm milli kimliyin qorunmasında, həm də müasir texnologiyalardan istifadə etməklə Azərbaycanın daha geniş miqyasda tanıdılmasında aparıcı rol oynayırlar. Sosial şəbəkələrdə aktivlik, beynəlxalq layihələrdə iştirak və ictimai təşəbbüslərdə ön sıralarda yer almaq diaspor gənclərinin potensialını daha da artırır. Bu isə gələcəkdə daha güclü və təşkilatlanmış diasporun formalaşmasına zəmin yaradır”.
Politoloqun fikrincə, Azərbaycançılıq ideyasının təbliği dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən proqramlar, qəbul olunan strateji sənədlər və diaspor təşkilatlarına göstərilən dəstək milli birliyin möhkəmləndirilməsinə xidmət edir. Dövlət və diaspor arasında qurulan sıx əməkdaşlıq əlaqələri bu fəaliyyətin effektivliyini daha da artırır və vahid məqsəd ətrafında birləşməni təmin edir.
Bununla yanaşı, diaspor fəaliyyətində yeni yanaşmaların tətbiqi də vacibdir. Rəqəmsal diplomatiyanın imkanlarından istifadə, beynəlxalq media ilə daha sıx əməkdaşlıq və analitik mərkəzlərin yaradılması diaspor işinin keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yarada bilər. Eyni zamanda, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı iş adamlarının və ziyalıların bu prosesə daha fəal cəlb olunması da mühüm əhəmiyyət kəsb edir.
Politoloq vurğulayıb ki, Azərbaycançılıq ideyasının təbliği və diaspor fəaliyyətinin gücləndirilməsi müasir dövrdə Azərbaycanın milli maraqlarının qorunması və beynəlxalq nüfuzunun artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi, lobbiçilik imkanlarının genişləndirilməsi və milli dəyərlərin dünya miqyasında təbliği ölkəmizin gələcək inkişafına və qlobal arenada mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)
Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.