AZ

Neft qiymətlərində müşahidə olunan volatillik Azərbaycanın valyuta ehtiyatlarına və dövlət büdcəsinə mənfi təsir etmir - ŞƏRH

Bakı, 1 may, AZƏRTAC

Qlobal maliyyə və əmtəə bazarlarında dalğalanmalar həmişə olub və gələcəkdə də olacaq. Bu bazarların mahiyyəti də məhz bu dəyişkənlik üzərində qurulub. Maliyyə bazarlarında müasir dalğalanmaların əsası 1976-cı ildə imzalanmış Yamayka razılaşmasından sonra qoyulub. Həmin vaxta qədər, xüsusilə 1973-cü ilə qədər qiymətlər nisbətən sabit idi və yalnız məhdud dalğalanmalar müşahidə olunurdu. Lakin Yamayka razılaşmasından sonra dolların qızıl standartı ləğv edildi və onun yerinə neft-dollar sistemi formalaşdı. Bu dəyişiklik neft bazarlarında dalğalanmaların daha da artmasına səbəb oldu.

Maliyyə bazarları üzrə ekspert Azər Balamedov AZƏRTAC-a açıqlamasında bildirib ki, bu proseslər sonrakı dövrlərdə daha da dərinləşib. Xüsusilə 2007–2008-ci illərdə baş verən qlobal maliyyə böhranı zamanı neftin qiyməti kəskin artaraq tarixi maksimuma — təxminən 147 dollar səviyyəsinə çatdı. Bu, bazarlarda ciddi sıçrayışların baş verdiyini göstərirdi.

“Son illərdə isə, xüsusilə 2020-ci ildə pandemiyadan sonra qlobal bazarlarda dalğalanmalar daha da güclənib, volatillik artıb və qiymət dəyişikliklərinin amplitudası genişlənib. Bu proseslər hazırda da davam edir. Azərbaycan baxımından isə vəziyyət fərqlidir. Ölkənin valyuta ehtiyatları və dövlət büdcəsi əsasən neft gəlirlərindən asılı olduğuna görə, neft qiymətlərindəki dəyişikliklər birbaşa təsir göstərir. Hazırda neft qiymətlərində müşahidə olunan volatillik Azərbaycanın valyuta ehtiyatlarına və dövlət büdcəsinə mənfi təsir etmir, əksinə müsbət təsir göstərir. Neftin qiyməti bir müddətdir 90–110 dollar diapazonunda dəyişir ki, bu da büdcə üçün əlverişli hesab olunur”, - deyə ekspert vurğulayıb.

Ekspert qeyd edir ki, neftin qiyməti hərbi-siyasi proseslərlə sıx bağlıdır. Xüsusilə ABŞ-İran münasibətləri kimi amillər qiymətlərə təsir edən əsas faktorlar sırasındadır: “Ümumilikdə, yaxın və orta müddətli perspektivdə dünyada hərbi-siyasi gərginliklərin davam edəcəyi gözlənilir. Bu isə neft qiymətlərinin yüksək səviyyədə qalmasını şərtləndirə bilər. Hətta sülh danışıqları baş versə belə, bu, daha çox müvəqqəti xarakter daşıyacaq və bazarlarda qısa müddətli korrektələrə səbəb olacaq. Əvvəlki dövrdə neftin qiyməti 70–80 dollar aralığında olsa da, bu da Azərbaycan büdcəsi üçün ciddi problem yaratmırdı. Hazırkı şəraitdə isə qlobal dalğalanmalar və geosiyasi proseslər neftin qiymətinə müsbət təsir göstərir ki, bu da neft ixrac edən ölkələr — o cümlədən Azərbaycan üçün əlverişli vəziyyət yaradır. Əksinə, neft idxal edən ölkələr, məsələn Türkiyə və Çin üçün bu vəziyyət müəyyən çətinliklər yaradır.

Ümumilikdə, yaxın aylarda, ən azı ilin ortalarına və hətta sonuna qədər Azərbaycanın iqtisadiyyatı üçün ciddi risklərin gözlənilmədiyi qeyd olunur. Texniki göstəricilər də neft qiymətlərində mövcud artım tendensiyasının davam edə biləcəyini göstərir. Hazırda hərbi-siyasi arenada nisbi sakitlik müşahidə olunsa da, yeni gərginlik ocaqları yaranarsa, neft qiymətlərində yenidən yüksək səviyyələr müşahidə oluna bilər”.

Seçilən
2
1
azertag.az

2Mənbələr