AZ

Azərbaycan florasının biomüxtəlifliyi və onun qorunması istiqamətində elmi tədqiqatlar genişlənir

Bakı, 1 may, AZƏRTAC

Azərbaycan təbii-coğrafi mövqeyi, iqlim müxtəlifliyi və relyef quruluşu ilə dünyanın nadir biomüxtəliflik mərkəzlərindən biri hesab olunur. Qısa məsafələrdə yarımsəhra, meşə, dağ-çəmən, subalp və alp bitki qurşaqlarının bir-birini əvəz etməsi ölkənin florasını olduqca zənginləşdirir. Nəticədə, Azərbaycan florasında mövcud olan ali bitki növləri Qafqaz florasının mühüm hissəsini təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri professor Elşad Qurbanov söyləyib. Onun sözlərinə görə, Azərbaycan florası sürətlə dəyişən təbii və antropogen təsirlər altında qalır. Taksonomik dəqiqlik olmadan aparılan mühafizə işləri effektiv nəticə vermir, monitorinq sisteminin zəifliyi risklərin vaxtında aşkar edilməsinə mane olur, rayonlar üzrə ekobotaniki təhlilin aparılmaması isə planlaşdırmanın elmi əsaslardan uzaq qalmasına səbəb olur.

Tədqiqatçı bildirib ki, bu səbəbdən botaniki-coğrafi rayonlar üzrə bitkilərin taksonomiyasının öyrənilməsi, onların müasir vəziyyətinin qiymətləndirilməsi və mütəmadi monitorinqinin aparılması ölkənin ekoloji təhlükəsizliyi, iqtisadi dayanıqlılığı və təbii irsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunub ki, son illərdə Azərbaycanda bu istiqamətdə elmi-tədqiqat işləri intensivləşdirilib. Tədqiqatların əsas məqsədi ölkə florasının biomüxtəlifliyini sistemli şəkildə öyrənmək, bitki örtüyünü ekobotaniki baxımdan təhlil etmək və ekoloji təhlükəsizlik üzrə strateji qərarların qəbuluna elmi əsas yaratmaqdır.

Seçilən
34
1
azertag.az

2Mənbələr