AZ

“Süni intellekt dezinformasiyanı kütləvi və daha inandırıcı edib” -

“2026-cı ildə informasiya təhlükəsizliyi sahəsində ən ciddi problemlərdən biri süni intellektin yaratdığı dezinformasiya dalğasıdır.”

Metbuat.azxəbər verir ki, bunuxüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəisi Murad Balayev deyib. Onun sözlərinə görə, beynəlxalq hesabatlar artıq vəziyyətin miqyasını açıq şəkildə göstərir:
“‘DeepStrike’in 2026-cı il üzrə məlumatına əsasən, dünyada deepfake xarakterli dezinformasiyaların sayı 500 mindən 8 milyona qədər artıb. Bu, təkcə texnoloji inkişaf deyil, eyni zamanda informasiya mühitinə ciddi təhdiddir.”Balayev qeyd edib ki, bu proses media sektoruna da birbaşa təsir edir:
“Media üçün dezinformasiya artıq qaçınılmaz reallıqdır. Bu səbəbdən media subyektlərinin üzərinə daha böyük məsuliyyət düşür. Məlumatın dəqiqliyi və yoxlanması əvvəlki dövrlərlə müqayisədə daha kritik mərhələyə keçib.”Mərkəz rəisi süni intellektin kibertəhdidlərdə yaratdığı yeni mərhələyə də diqqət çəkib. Onun sözlərinə görə, xüsusilə phishing hücumları artıq əvvəlki kimi asanlıqla aşkarlanmır:
“Əvvəllər phishing mesajlarını qrammatik və üslub səhvlərinə görə müəyyən etmək mümkün idi. İndi isə süni intellekt bu mesajları daha peşəkar, səlis və inandırıcı formada hazırlayır.”Balayev bildirib ki, statistik göstəricilər bu dəyişikliyi aydın şəkildə ortaya qoyur:
“BrightSight AI və Vectra AI-nin 2024–2026-cı illəri əhatə edən məlumatlarına əsasən, ənənəvi phishing hücumlarında klikləmə faizi 12% təşkil etdiyi halda, süni intellekt vasitəsilə yaradılan hücumlarda bu göstərici 54%-ə yüksəlib. Bu, təxminən 4,5 dəfə artım deməkdir.”Onun fikrincə, bu artımın əsas səbəbi hücumların fərdiləşdirilməsidir:
“Müasir sosial mühəndislik hücumlarında hədəf şəxs detallı şəkildə analiz olunur. Spearfishing adlandırılan bu hücumlarda şəxsin yazı üslubu, maraqları və davranışları nəzərə alınaraq xüsusi kontent hazırlanır. Bu da hücumların uğur faizini əhəmiyyətli dərəcədə artırır.”Balayev əlavə edib ki, qurum bu risklərin qarşısını almaq üçün maarifləndirmə fəaliyyətlərini genişləndirir:
“Biz mütəmadi olaraq seminarlar, təlimlər və canlı yayımlar təşkil edirik. Məqsəd istifadəçilərin kibertəhlükəsizlik sahəsində biliklərini artırmaq və onları bu yeni təhdidlərə qarşı daha hazırlıqlı etməkdir.”

O vurğulayıb ki, mövcud şəraitdə əsas prioritetlərdən biri informasiya savadlılığının artırılmasıdır:
“Süni intellekt texnologiyaları inkişaf etdikcə, təhlükələr də paralel şəkildə artır. Bu səbəbdən həm fərdi istifadəçilər, həm də media qurumları daha diqqətli və məsuliyyətli olmalıdır.”

Seçilən
59
metbuat.az

1Mənbələr