AZ

Deputat: İtkinlərin taleyinə aydınlıq gətirilməməsi və mina terroru beynəlxalq hüququn kobud surətdə pozulmasıdır

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi siyasətin ən ağır və ağrılı nəticələrindən biri itkin düşmüş şəxslərin taleyinin bu günə qədər naməlum qalması və mina təhlükəsinin davam etməsidir.

Milli Məclisin deputatı Fatma Yıldırım APA-ya açıqlamasında bildirib ki, bu məsələlər artıq yalnız regional deyil, qlobal humanitar gündəliyin əsas mövzularından biri kimi qəbul olunmalıdır. söhbət siyasi deyil, sırf humanitar və insan hüquqları məsələsindən gedir.

Kütləvi məzarlıqlar və gizlədilən həqiqətlər

Fatma Yıldırım qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlığın aşkarlanması və 877 nəfərə aid insan qalıqlarının ekshumasiya olunması Ermənistanın törətdiyi cinayətlərin miqyasını açıq şəkildə göstərir: “Buna baxmayaraq, Ermənistan hələ də yüzlərlə məzarın yerini gizlədir və bu, ailələrin illərlə davam edən əzabını daha da dərinləşdirir. 30 ildən artıqdır minlərlə azərbaycanlı ailəsi itkin düşmüş yaxınlarının taleyini öyrənə bilmir və bu, onların fundamental hüquqlarının kobud şəkildə pozulmasıdır. Ermənistan 1949-cu il Cenevrə Konvensiyalarına və 1977-ci il Əlavə Protokol I-ə əsasən müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq, məzarların yerini göstərmək və qalıqları ailələrə qaytarmaq öhdəliyi daşıyır. Bu öhdəliklərin yerinə yetirilməməsi beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması deməkdir. Məzar yerlərinin gizlədilməsi yalnız hüquqi deyil, eyni zamanda mənəvi baxımdan da qəbuledilməzdir. Ermənistanın məlumat verməkdən imtina etməsi ailələrin itkin düşmüş yaxınlarının taleyi ilə bağlı həqiqəti öyrənmək hüququnu pozur. Bu, beynəlxalq hüquqda tanınmış fundamental hüquqlardan biridir və heç bir halda məhdudlaşdırıla bilməz. Ermənistanın bu məsələdə tutduğu mövqe sistemli və məqsədyönlü xarakter daşıyır”.

Mina terroru davam edir

Deputat deyir ki, işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi bu gün də real və ciddi problem olaraq qalır: “Son günlərdə daha iki nəfərin minaya düşməsi bu təhlükənin nə qədər aktual olduğunu bir daha göstərir. 10 noyabr 2020-ci ildən bu ilin aprelin 26-dək mina partlayışları ilə bağlı 261 insident qeydə alınıb, nəticədə 423 nəfər zərər çəkib. Onlardan 73 nəfəri həlak olub, 350 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlərin 230 nəfəri mülki şəxslərdir və onların arasında qadınlar və uşaqlar da var. Bu isə bir daha göstərir ki, mina problemi yalnız hərbi deyil, ciddi humanitar təhlükədir. Üumilikdə 1991-ci ildən bu günədək 3400-dən çox insan mina qurbanı olub. Bu rəqəmlər Ermənistanın basdırdığı minaların uzun illər ərzində mülki əhali üçün necə böyük təhlükə yaratdığını açıq şəkildə sübut edir. Minaların sistemli şəkildə basdırılması və xəritələrinin təqdim olunmaması bu təhlükəni daha da artırır”.

Fatma Yıldırım vurğulayıb ki, itkin düşmüş şəxslərin məzar yerlərinin gizlədilməsi və mina xəritələrinin verilməməsi bir-biri ilə sıx bağlı olan vahid humanitar problemdir: “Hər iki məsələ insan həyatına və təhlükəsizliyinə birbaşa təsir edir. Ermənistan bu məlumatları gizlətməklə həm keçmişin cinayətlərini ört-basdır etməyə çalışır, həm də bu gün yeni insan tələfatına zəmin yaradır”.

Beynəlxalq hüquq kobud şəkildə pozulur

Deputat nəzərə çatdırıb ki, beynəlxalq humanitar hüquq, o cümlədən Cenevrə Konvensiyaları və 1980-ci il Konvensiyasının II Protokolu işğalçı tərəfdən minalanmış ərazilərin xəritələrinin dərhal və tam şəkildə təqdim edilməsini tələb edir: “Ermənistan bu öhdəliyi yerinə yetirməkdən imtina etməklə beynəlxalq hüququ açıq şəkildə pozur və bunun nəticəsində yeni qurbanların yaranmasına səbəb olur. Ermənistanın bu siyasəti faktiki olaraq yeni ölümlərin və əlillik hallarının davam etməsinə gətirib çıxarır və bu, ciddi hüquqi məsuliyyət yaradır. Ermənistanın həm keçmiş, həm də indiki hakimiyyəti bu cinayətlərə görə birbaşa məsuliyyət daşıyır. Mina xəritələrinin və məzarların koordinatlarının gizlədilməsi təsadüfi deyil, dövlət səviyyəsində həyata keçirilən siyasətdir və bu, müharibə cinayəti və insanlığa qarşı cinayət elementləri daşıyır. Beynəlxalq ictimaiyyət bu məsələyə laqeyd qalmamalı, Ermənistan beynəlxalq humanitar hüquq normalarına əməl etməyə məcbur edilməlidir. Itkin düşmüş azərbaycanlıların məzar yerlərinin koordinatlarının təqdim olunması və mina xəritələrinin verilməsi təxirəsalınmaz humanitar məsələdir və bu istiqamətdə konkret addımlar atılmalıdır”.

Humanitar ədalət

Fatma Yıldırım vurğulayıb ki, bu məsələlər siyasi mübahisə predmeti deyil, insan həyatına, ailələrin ağrısına və ədalət prinsipinə bağlı olan fundamental məsələlərdir: “Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək və beynəlxalq platformalarda bu məsələnin gündəmdə saxlanmasına nail olacaq. Həqiqətin üzə çıxması və ədalətin bərpası regionda davamlı sülhün təmin olunması üçün əsas şərtlərdən biridir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
apa.az

2Mənbələr