AZ

Diplomatların Qarabağ səfəri: Azərbaycana beynəlxalq dəstək artır

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri mayın 1-də Xocalıya səfər ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Qonaqları Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb.

Diplomatik korpusun nümayəndələri əvvəlcə Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

E. Yusubov qonaqlara Memorial kompleksin tikintisi, aparılan abadlıq və quruculuq işləri haqqında məlumat verib, eyni zamanda xarici diplomatlara 1992-ci ildə ermənilər tərəfindən həyata keçirilmiş işğalçılıq siyasəti və Xocalı qətliamı barədə də ətraflı məlumat təqdim edib.

Sonra qonaqlara azad edilmiş ərazilərdə infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin doğma torpaqlarına qayıdışını təmin edən “Böyük Qayıdış” proqramının icrası barədə geniş məlumat verilib.

Bəs Ermənistan tərəfindən viran qoyulmuş Qarabağda bu gün həyata keçirilən bərpa və yenidənqurma işləri, eləcə də icra olunan böyük layihələr bölgədə həyatın yenidən canlanmasına necə təsir edir?

Milli Məclisin deputatı Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, belə səfərlər çox vacibdir:

“Çünki bu səfərlər diplomatik korpusun Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən işlərlə yerində tanış olmasına imkan yaradır. Bu da məlumatların diplomatik korpus tərəfindən dünya ictimaiyyətinə təqdim olunması anlamına gəlir.

“Eyni zamanda diplomatik korpus təmsil etdiyi dövlətlərə bu səfərlərlə bağlı məlumat verir. Nəzərə alsaq ki, bəzi beynəlxalq qurumların, o cümlədən Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi var. Təəssüf ki, bu proses uzun illərdir ki, davam edir. Bu kontekstdən də diplomatik korpusun həyata keçirilən yenidənqurma işləri ilə tanış olması vacibdir.

Həmçinin Ermənistan tərəfindən işğal zamanı tamamilə dağıdılan Qarabağ və Şərqi Zəngəzur bərpa olunur və yenidən qurulur. Artıq 85 mindən artıq vətəndaşımız Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşıb, yaşayır, işləyir və təhsil alır.

Bu istiqamətdə dövlət tərəfindən ötən müddət ərzində 23 milyard manat vəsait ayrılıb. Kifayət qədər ciddi infrastrukturun formalaşdırılması həyata keçirilir. Bunlar məskunlaşma prosesinin daha da sürətləndirilməsinə şərait yaradır.

Növbəti dövr ərzində Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad olunmuş ərazilərdə məskunlaşan və çalışan vətəndaşlarımızın sayı 150 minə yaxınlaşacaq. Bu da, təbii ki, kifayət qədər ciddi rəqəmdir.

Bu kontekstdən diplomatik korpusun səfəri kifayət qədər əhəmiyyətlidir. Xüsusən də nəzərə almaq lazımdır ki, cənab Prezidentin Avropa çempionatında qalib gəlmiş güləşçilərlə görüşündə qeyd etdiyi vacib məqamlardan biri ondan ibarət idi ki, Avropada bizim idmançılara qarşı ədalətsizliklər müşahidə olunur və bu ədalətsizlik təəssüf ki, yalnız idmanda deyil, həm də siyasətdə və bir sıra məsələlərdə də özünü göstərir”.

Deputat qeyd edir ki, bütün bunlara rəğmən Azərbaycan işğaldan azad olunmuş ərazilərini intensiv şəkildə bərpa edir və keçmiş məcburi köçkünlər artıq öz ata-baba yurdlarına qayıdırlar.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr