AZ

"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?

Hərdən "Neftçi" və "Fənərbaxça" azarkeşlərinin əsəbləriylə oynamaq, onları qıcıqlandırmaq istəyənlər deyir ki, komandanız çempion olanda dinozavrlar hələ salamat idi.

Təbii ki, təxminən 66 milyon il əvvəl yaşayan, əksər alimlərin fikrincə, Yerə düşən nəhəng meteorit üzündən nəsli kəsilən heyvanlarla bağlı zarafatı xatırlatmağımızın səbəbi var. Düzdü, bizim hakimlərin, hansısa klubların, ən əsası, AFFA-nın əsəbləriylə oynamaq fikrimiz yoxdu. Lakin "Futbol+" əcnəbi hakimlərin dəvət olunmasına ehtiyac duyulduğunu bildirəndə hələ Elçin Məsiyev, Kamal Umudlu, Tural Qurbanlı, İnqilab Məmmədov kimi təcrübəli, adlı-sanlı hakimlər kobud səhvə yol verməmişdi. Təəssüf ki, bu xoşagəlməz ənənənin əsasını Azərbaycanın ən təcrübəli hakimi Əliyar Ağayev qoydu. Ardınca digər FİFA referiləri, eləcə də başqa təcrübəli hakimlər kobud səhvlərlə yadda qaldı.

Bəli, mövsümün əvvəlində də ədalət təmsilçilərinin yanlış qərarlarına şahidlik etdik, ortasında da. Amma sona yaxınlaşdıqca gərginliyin artması ilə yanaşı, yol verilən səhvlərin böyük olması heç də yaxşı mənzərə ortaya çıxarmadı. Heç kimə sirr deyil ki, futbol ictimaiyyətinin əksər nümayəndələrinin yerli ədalət təmsilçilərinə güvəni qalmayıb. Hətta iş o həddə çatıb ki, doğru qərarlar belə uzun-uzadı saf-çürük olunur.

O vaxt da demişdik ki, əcnəbi hakimlərin gəlişini özümüzkülərə inamsızlıq, hətta ölkə futboluna xəyanət sayanlar tapılacaq. Lakin qaş düzəldən yerdə göz çıxarmağa ehtiyac yoxdu. AFFA daşı ətəyindən tökməli, əcnəbi hakimlərin qapısını döyməlidi. Yoxsa bu xamır çox su aparacaq. Aparmadı? Çox keçmədən AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov daha üç FİFA referisinin səhvini ifşa etdi!

Ölkə kubokunun yarımfinalının cavab oyunları çərçivəsində keçirilən "Sabah" - "Qarabağ" oyunundan sonra baş hakim Rəvan Həmzəzadənin başına gələnləri də unutmamışıq. "Köhlən atlar"ın futbolçusu Marko Yankoviç ədalət təmsilçisini bir damla suda boğmağa hazır idi. Hətta bunu dilə gətirdi, qarşı tərəfi ölümlə təhdid etdi. Musa Qurbanlıyla Xoni Montielin aqressiv davranışı da öz yerində. Məsələ o qədər cığırından çıxdı ki, AFFA İntizam Komitəsi hələ də məsələni götür-qoy etməkdə, günahkarları ayırd edib cəzalandırmaqda aciz qalıb. Bunu sədr Erkin Hüseynov da etiraf edir. Başqa cür də ola bilməz. Baxmayaraq ki, hadisələrin üzərindən bir həftədən çox vaxt keçib!

Mövsüm hələ başa çatmayıb. Premyer-liqada ilk "dördlük" və yarışı tərk etməmək uğrunda gərgin mübarizə davam edir. Ən əsası, mayın 13-də ölkə kubokunun final matçı keçiriləcək: "Sabah" "Zirə" ilə qarşılaşacaq. Bəs, bu oyunun taleyi necə olacaq? Əlbəttə, könül ya meydanda, ya da VAR-da əcnəbi hakimin iş başında olmasını istəyir. Öz aramızdı, iştirakçı klublar da bunun əleyhinə deyil.

Elnur Həmidov ("Sabah"ın mətbuat xidmətinin rəhbəri):
"Bu yöndə konkret tələbimiz yoxdu. Lakin bu məsələdə məsul qurum AFFA Hakimlər Komitəsidi. Komitənin istənilən seçiminə hörmətlə yanaşacağıq".

Elmar Abdullazadə ("Zirə"nin mətbuat xidmətinin rəhbəri):

"Bu təcrübədən başqa ölkələrdə də istifadə olunur. Hansı ki, zaman-zaman azərbaycanlı hakimlər də müəyyən liqalara dəvət alırlar. Bizdə də bu praktikadan istifadə edilməsinin əleyhinə olmadığımızı əvvəllər də qeyd etmişik. Bu həmin liqalarda və ya Azərbaycanda yerli hakimlərin zəif olması demək deyil. Sadəcə, mövsüm sona yaxınlaşdıqca kubok görüşlərini də hesablasaq, həm oyun sayı çoxalır, həm də təzyiq, gərginlik yaranır. Xüsusilə qrafikin sıx olduğu və mübarizənin daha da gərginləşdiyi vaxtlarda istifadə etmək olar".

Göründüyü kimi, futbol dilində desək, klublar topu AFFA-ya ötürdü. Zərbə, yoxsa geriyə ötürmə? Buna federasiya qərar verəcək. Səhv, ya düz? Zaman göstərəcək!

KƏNAN BAHADIR
Seçilən
11
football-plus.az

1Mənbələr