AZ

Deputat: Dövlət-vətəndaş münasibətlərində yeni mərhələyə keçidin əsası qoyulur

“Vətəndaşların müraciətləri haqqında” qanuna təklif olunan dəyişikliklər yalnız texniki yenilik deyil, dövlət-vətəndaş münasibətlərində keyfiyyətcə yeni mərhələyə keçidin əsasını qoyur.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Məmmədova bildirib.

Deputat deyib ki, bu layihə müraciətlərin sadəcə qəbulu və cavablandırılması deyil, onların sistemli şəkildə idarə olunmasını hədəfləyir: “Vahid elektron sistemin qurulması müraciətlərin gecikməsi və ya yanlış istiqamətləndirilməsi kimi neqativ halların qarşısını almağa xidmət edir. Bu, eyni zamanda qərarvermə prosesində operativliyi artırır və dövlət qurumlarının məsuliyyətini daha da gücləndirir. Burada əsas məsələ yalnız elektronlaşma deyil, bu sistemin ağıllı və nəticəyönümlü idarə olunmasıdır. Qanun layihəsi bu baxımdan gələcəkdə süni intellekt texnologiyalarının tətbiqi üçün ciddi hüquqi zəmin yaradır. Süni intellekt vasitəsilə müraciətlərin avtomatik təsnifatı və düzgün yönləndirilməsi prosesləri sürətləndirə bilər. Daha vacibi isə ondan ibarətdir ki, sistem daxilində toplanan məlumatların analizi bizə təkrarlanan problemləri üzə çıxarmağa imkan verəcək. Bu isə artıq tək-tək müraciətlərə reaksiya vermək deyil, problemlərin köklü həllinə yönəlmiş yanaşmadır. Eyni zamanda, süni intellekt alqoritmləri gecikmələr, qeyri-standart qərarlar və şübhəli hallar üzrə erkən xəbərdarlıq mexanizmlərinin formalaşdırılmasına şərait yarada bilər. Bu isə korrupsiya risklərinin qarşısının alınmasında mühüm rol oynaya bilər”.

Nigar Məmmədova qeyd edib ki. müraciətlərin dinamikasının təhlili gələcək yüklənmənin proqnozlaşdırılmasına imkan verəcək ki, bu da dövlət qurumlarında resursların daha düzgün və səmərəli bölüşdürülməsini təmin edəcək: “Elektronlaşma bu sahədə məqsəd deyil, vasitədir. Əsas məqsəd daha effektiv, daha şəffaf və vətəndaşa yönəlmiş idarəetmə modelinin qurulmasıdır. Bütün bu proseslər şəffaflıq, məlumat təhlükəsizliyi və insan nəzarəti prinsipləri çərçivəsində həyata keçirilməlidir. Əsas məqsəd vətəndaş müraciətləri sistemini dövlət idarəçiliyinin aktiv və strateji alətinə çevrilməsidir”.

Seçilən
20
apa.az

1Mənbələr