Məhərrəm Zülfüqarlı: “Tramp qarşısı alınmaz bir insan kimi istədiyini etmək istəyir”
“İran öz işini görə bilmir. Onlar qeyri-nüvə razılaşmasını necə imzalayacaqlarını bilmirlər. Tezliklə ağıllı olsalar yaxşı olar!” Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb. Paylaşımda Tramp hərbi əməliyyatlar fonunda əlində silah olan fotosunu paylaşaraq "No more Mr. Nice Guy!" (yaxşı oğlan olmaq dövrü bitdi) sözlərini yazıb.
Tramp əlində avtomat foto paylaşıb “ o yaxşı oğlan daha yoxdur” yazmaqla İrana nə demək istədi?
Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, Trampın bu hərəkəti nəinki İran, hətta bütün dünya üçün təhlükədir. “Tramp bu gün belə bir söz deyirsə, sabah başqa bir söz deyəcək. Çünki o qeyri-ciddi siyasətçidir. Necə ki, Putin Ukrayna müharibəsində tələyə düşdü, Tramp da İrana qarşı müharibədə səhv etdiyini bilir. Amma özünü sındırmır. Ona görə də bu cür fotolar paylaşmaqla, sözlər yazmaqla, hədə-qorxu gəlməklə nəyə isə nail olmaq istəyir. Əksinə o, bu müharibə ilə İran rejimindən narazı olanları da pis vəziyyətə qoydu. İranda Amerika və İsrail müharibəsini görən əhali birləşərək Vətəni müdafiə etməyə başladılar. Ona görə də burada İranın məğlubiyyətindən danışmaq yersizdir. Bu Tramp siyasətinin iflasa uğradığını göstərir. Eyni zamanda İsrailin bilavasitə diqtəsi ilə bu müharibəyə qoşulmaqla milyardlar itirdiyini bütün Amerika vətəndaşları bilir. Bu səbəbdən də əlinə silah alıb şəkil çəkdirməklə heç nəyə nail ola bilməyəcək. Bu qədər raketlər buraxdılar, əksinə İran dünyada gücünə görə birinci olan Amerika dövlətinin qarşısında duruş gətirə bildi. Bu da dediyim kimi, Tramp siyasətinin məğlubiyyətidir. Bu gün əlinə silah götürüb şəkil çəkdirib bir söz deyir, sabah da başqa söz deyəcək”.
M.Zülfüqarlının sözlərinə görə, təəssüfləndirici haldır ki, nüvə silahına malik olan dünyanın Amerika kimi böyük dövlətə bu cür qeyri-ciddi, sözünü tez-tez dəyişən insan rəhbərlik edir. O, vurğuladı ki, İranı silahla hədələyən Tramp sabah tamamilə başqa bir fikir söyləyə bilər, ona görə də insanlar onun bu hərəkətinə ciddi yanaşmırlar.
“Trampın bu cür şəkil çəkdirməsi, belə hərəkətlər etməsi bütün insanların təəccübünə səbəb olur. Trampın bu hərəkətləri ilə belə bir fikir təsdiqlənir ki, demokratiyanın qüsurları da çoxdur. Biz dövlət müstəqilliyini bərpa etdikdən sonra Qərbə çox meyllənirdik və demokratiyaya aludə olmuşduq. Amma Çörçillin bir fikrini yada salmalıyıq, “demokratiya ən pis idarə üsuludur, amma təəssüf ki, insanlar bundan yaxşısını hələ tapmayıblar”. Trampın hakimiyyətə gəlməsi demokratiyanın qüsurudur. Nəyə görə? Çünki demokratk seçkilərdə adətən yaxşıların yaxşısı, humanist, insanpərvər insanlar seçilməlidir”.
M.Zülfüqarlının sözlərinə görə, demokratiyanın qüsuru ondan ibarətdir ki, pulu, imkanı olan və seçiciləri ələ almağı bacaran insanlar da demokratik seçkilərdə qalib gələ bilirlər. “Bunun nümunəsi indiki Amerika prezidentidir. Amerika demokratiyası, Amerika qanunları imkan vermir ki, onun bu hərəkətlərinin qarşısı alınsın. Düzdür, Senatda, Konqresdə çoxlu narazılıqlar var və payızda keçirilən aralıq seçkilərində Trampın bu hərəkətləri onun təmsil etdiyi partiyanın yəqin məğlubiyyətinə səbəb olacaq. Amma Tramp qarşısı alınmaz bir insan kimi istədiyini etmək istəyir. Hətta Roma papasına sataşır, Fransa prezidentini təhqir edir, avtomat götürüb bəşəriyyəti qorxudur. Təkcə avtomatla qorxutmur, nüvə silahı ilə də qorxuda bilər...
Tramp artıq nəinki Amerikanı, heç özünü idarə edə bilmək gücünə malik deyil”.
M.Zülfüqarlı hesab edir ki, belələri səhər dedikləri sözü axşam təkzib edirlər, səhərisi gün tamam başqa söz deyirlər. O, qeyd etdi ki, siyasətə bu qeyri-ciddi münasibət bəşəriyyətə böyük təhlükədir. “Ona görə mənə belə gəlir ki, Amerika seçiciləri bu məsələlərdən ibrət dərsi almalıdır və gələcəkdə belə adamların ABŞ idarəçiliyində yer tutmasına imkan verməməlidir. Tək bundan ABŞ yox, bütün dünya əziyyət çəkə bilər”-deyə M.Zülfüqarlı qeyd etdi.
İradə SARIYEVA