ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda xarici bankların birbaşa filiallarının fəaliyyət göstərməməsi bank sektorunda ciddi struktur problemi kimi diqqət çəkir. Bu vəziyyət rəqabət mühitini məhdudlaşdırır, nəticədə kredit faizləri yüksək, maliyyə xidmətlərinin keyfiyyəti isə gözlənilən səviyyədən aşağı qalır. Xarici bankların bazara daxil olmaması eyni zamanda beynəlxalq təcrübənin, yeni texnologiyaların və innovativ məhsulların ölkəyə axınını zəiflədir. Nəticədə isə həm bank sektorunun inkişafı ləngiyir, həm də iqtisadiyyat daha açıq və rəqabətli maliyyə sistemindən kənarda qalır.
İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xarici bankların Azərbaycanda filial açmaması bir neçə iqtisadi, hüquqi və bazar faktorunun birləşməsinin nəticəsidir: “Birincisi, bazarın həcmi kiçikdir. Azərbaycanın bank sektorunun aktivləri təxminən 50 milyard manatdır. Bu, təkcə Türkiyədə bir orta bankın aktivinə bərabərdir. 10 milyonluq əhali, ÜDM-in strukturu, pərakəndə bankçılıqda gəlir marjası böyük beynəlxalq banklar üçün cəlbedici deyil. Hongkong and Shanghai Banking Corporation (HSBC) 2018-ci ildə məhz “bazar kiçikdir, xərcləri doğrultmur” deyib ölkədən çıxdı. Citi, Commerzbank da korporativ ofislərini bağladı. Onlar üçün Qazaxıstan, Polşa, Türkiyə daha maraqlıdır”.
İqtsadçının fikrincə, ikincisi, qanunvericilikdə “filial” anlayışı yoxdur. “Banklar haqqında” Qanun xarici banklara yalnız törəmə bank və ya nümayəndəlik açmağa icazə verir. Filial isə ana bankın birbaşa balansında olur, kapital tələbi fərqlidir, vergiyə cəlb olunması başqadır. Törəmə bank açmaq üçün isə 50 milyon manat nizamnamə kapitalı tələb olunur. Üstəlik Mərkəzi Bankın lisenziyası, yerli idarəetmə, hesabatlılıq, normativlər tam yerinə yetirilməlidir. Yəni xarici bank gəlib “mən London ofisimin filialını Bakıda açım” deyə bilmir, gərək ayrıca Azərbaycan bankı yaratsın. Bu da xərci və riski artırır.
“Üçüncüsü, gəlirlilik və rəqabət məsələsi. Dövlət bankları - ABB və Kapital Bank - bazarın 60 faizindən çoxunu tutur. Pərakəndə kreditlərdə, maaş layihələrində, büdcə ödənişlərində üstünlük onlardadır. Xarici bank gəlib 2-3 faiz bazar payı uğrunda ABB ilə rəqabət aparmalı olacaq. Korporativ seqmentdə isə SOCAR, AZAL, ADY kimi iri müştərilər artıq yerli banklarla işləyir. Risk-gəlir nisbəti xarici bankı qane etmir”-deyən Akif Nəsirli vurğulayıb ki, dördüncüsü, məhkəmə və valyuta riskləri çoxdur. Bank sektoru üçün proqnozlaşdırıla bilən hüquq sistemi vacibdir. Kredit qaytarılmayanda girovun satılması, mübahisələrin həlli illərlə çəkə bilir. Valyuta rejimi liberal olsa da, 2015-ci il devalvasiyaları yaddaşlarda qalıb. Xarici bank düşünür: sabah manat yenə 30 faiz düşsə, mənim dollar aktivim yerli valyutada necə qayıdacaq?
Başqa bir səbəb komplayens və sanksiya mühiti. Azərbaycan İran və Rusiya ilə qonşudur. Xarici banklar üçün AML (Anti-Money Laundering, yəni pulun yuyulmasına qarşı mübarizə deməkdir) və sanksiya riski yüksəkdir. ABŞ və Avropa bankları hər əməliyyatı əlavə yoxlamalıdır. Bu, əməliyyat xərcini qaldırır. Ona görə bir çox bank “biz Dubaydan və ya İstanbuldan xidmət göstərək, Bakıda fiziki iştirak etməyək” deyir: “Altıncısı, yerli banklarla əməkdaşlıq daha sərfəlidir. Citi, JP Morgan, Deutsche Bank Bakıda filial açmır, amma ABB, PAŞA Bank, Kapital Bank üzərindən akkreditiv, sindikat kredit, ticarət maliyyələşməsi edir. Yəni risk özlərində olmadan gəlir götürürlər. Filial açıb 100 nəfər işçi, ofis, IT sistem saxlamaqdansa, müxbir hesabla işləmək bəs edir”.
Nəticədə xarici banklar üçün Azərbaycan bazarı “gir, pul qoy, qazan” formatında deyil. Risk çox, bazar kiçik, qanunvericilik filialı çətinləşdirir. Dövlət istəsə bunu dəyişə bilər: birincisi, filial anlayışını qanuna salmaq, ikincisi, nizamnamə kapitalı tələbini filial üçün azaltmaq, üçüncüsü, məhkəmə-hüquq islahatı ilə kreditor hüquqlarını gücləndirmək lazımdır. Onda HSBC kimi banklar olmasa da, ən azı Türkiyə, Körfəz bankları region üçün Bakını qovşaq kimi seçə bilər. Hələlik isə onlar kənardan xidmət göstərməyə üstünlük verir.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.