“Zirə Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) icraçı direktoru inzibati məsuliyyətə cəlb edilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən Səbail Rayon Məhkəməsinə 26 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə “Zirə Broyler” MMC-nin icraçı direktorunun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair bu il martın 1-də inzibati xəta haqqında protokol daxil olub.
Sənədə əsasən, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli icra sənədinə görə, “Zirə Broyler” MMC-dən 117 min 208 manat məbləğində əsas borc, 11 min 700 manat məbləğində dəbbə pulu, 500 manat hüquqi xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat tutularaq “SOYTEX” MMC-yə ödənilməsi qərara alınıb.
İcra məmuru izahatında bildirib ki, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu "Zirə Broyler” MMC-dən 129 min 438.4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "SOYTEX" MMC-nin xeyrinə ödənilməlidir.
Qeyd edilən icra sənədi 10 sentyabr 2021-ci ildə icraata daxil olub və müvafiq qaydada icra tədbirlərinə başlanılıb. İcra məmurunun icraata başlama haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildirişi həmin il sentyabrın 17-də borclu şirkətin rəhbərinə təqdim olunub.