Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Çin səhraların yaşıllaşdırılması proqramını davam etdirir.
Bizimyol.info xəbər verir ki, bu il uğurlu sınaqlar genişləndirilir-köçəri səhra ərazilərini sabitləşdirmək üşün bioloji parçalanan plastik (PLA) torbalardan istifadə olunur.
Belə ki, kisələr torpaqla doldurulur və qum təpələri üzərində tor şəklində düzülür. Bu yer səthində küləyi ləngidir, nəticədə qumun yerdəyişməsi azalır. Eyni zamanda rütubətin toplana biləcəyi və toxumların cücərə biləcəyi kiçik zonalar yaranır.
Səth sabitləşən kimi əraziyə otlar və kollar kimi davamlı bitkilər daxil edilir. Bəzi bölgələrdə isə daha sonra quraq şəraitə uyğunlaşdırılmış kənd təsərrüfatı bitkiləri əkilir. Bitki örtüyü torpağı tamamilə sabitləşdirdikcə, kisələr tədricən parçalanaraq yox olur.
Bu üsul Azərbaycanda da səhralaşma olan ərazilərdə tətbiq oluna bilərmi?
Ekoloq Sadiq Həsənov Bizimyol.info xəbər portalına bildirib ki, bioloji parçalanan mikroplastikdən istifadə məsələsi inandırıcı görünmür: “Buradan görünür ki, səhraların yaşıllaşdırılması ilə bağlı layihə həyata keçirilir. Maraqlı ideyadır. Lakin burada bioloji parçalanan mikroplastikdən istifadə məsələsi o qədər də inandırıcı görünmür. Çünki mikroplastikin sıxlığı 1-1,2 qram/sm³ olduğu halda, qumun sıxlığı 1,4-1,5 qram/sm³ təşkil edir. Yəni qum ondan daha ağırdır və əgər külək qumu hərəkətə gətirə bilirsə, mikroplastik materialları daha asanlıqla daşıya bilər.
Görünür ki, başqa ağır maddələrdən istifadə olunur. Əsas məsələ ondadır ki, torpaq tərkibli elementlər çəkisinə görə qumdan daha ağır olur və buna görə də külək onları asanlıqla bir yerdən digər yerə daşıya bilmir”.
Sadiq Həsənov həmçinin əlavə edib: “Burada mikroplastikin istifadə olunması məsələsi müəyyən suallar doğurur. Əgər bu materialdan istifadə edilirsə, hər gün isladılmalı, su verilməlidir ki, külək onu yaya bilməsin. Mikroplastikin bioloji parçalanması qısa müddətdə baş verən hadisə deyil, daha uzunmüddətli bir prosesdir. Ona görə də tam aydın deyil ki, həqiqətən Çinlilər bioloji mikroplastikdən istifadə ediblər, yoxsa başqa materiallardan yararlanıblar".
Sadiq Həsənov deyir ki, səhralıqların yaşıllaşdırılmasının " ən effektiv üsullarından biri quru torpaq elementlərinin tətbiqi hesab olunur. Düzdür bu ağır işdir, ancaq bu, torpaqda olan zəngin mikroorqanizmlər sayəsində yaşıllaşma prosesinə daha sürətlə kömək edə bilər”.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.