AZ

Avropa İttifaqı Meksika ilə strateji sənəd imzalayacaq

Mayın 22-də Meksika və Avropa İttifaqı (Aİ) Meksika paytaxtında keçirilməsi planlaşdırılan 8-ci ikitərəfli sammitdə strateji tərəfdaşlıq müqaviləsi və aralıq ticarət müqaviləsi imzalayacaqlar.

Musavat.com xəbər verir ki, məlumat Meksika Prezidenti Klaudiya Şeynbaum və Avropa Şurasının Prezidenti Antonio Kosta arasında telefon danışığından sonra Meksika Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada yer alıb: "Zirvə görüşünün əsas nəticələrindən biri kimi "Meksika ilə Avropa İttifaqı arasında Siyasi, İqtisadi və Əməkdaşlıq Sahələrində Strateji Tərəfdaşlıq Sazişi"nin (yenilənmiş qlobal saziş), eləcə də müvəqqəti ticarət sazişinin imzalanması gözlənilir".

Bəyanatda vurğulanır ki, yeni saziş "25 il əvvəl yaradılmış siyasi, əməkdaşlıq və iqtisadi münasibətlər üçün mövcud çərçivəni yeniləyəcək və dərinləşdirəcək. Bu hərtərəfli saziş bütün sahələrdə münasibətləri gücləndirəcək və hər iki tərəfin davamlı inkişafı üçün strateji sektorlarda daha dərin əməkdaşlığın təməlini qoyacaq".

Avropa İttifaqını görüşdə Avropa Şurasının prezidenti António Costa və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen təmsil edəcək. Onların Meksikadakı iş proqramı 21 mayda başlayacaq. Şeynbaum və Kosta qarşıdan gələn sammitin "ikitərəfli münasibətlərdə həlledici an olacağı və Mexiko ilə Brüssel arasında strateji tərəfdaşlığın yeni mərhələsini möhkəmləndirməyə imkan verəcəyi" barədə razılığa gəliblər.

Qeyd edək ki, hazırkı Vaşinqton administrasiyası Aİ ilə Cənubi Amerika ölkələri arasında münasibətlərin dərinləşməsini narazılıqla qarşılayır. 

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr