AZ

Ramiz Quliyevin xatirəsinə həsr olunmuş konsert

Yazını böyüt
Yazını kiçilt

Aprelin 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Nadir events"in təşkilatçılığı ilə görkəmli tarzən, Dövlət mükafatı laureatı, Xalq artisti Ramiz Quliyevin əziz xatirəsinə həsr olunmuş konsert keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Konsertə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru, Əməkdar artist Əyyub Quliyev rəhbərlik edib.

Tədbir milli musiqi sənətimizdə, xüsusilə tar ifaçılığı məktəbinin formalaşması və inkişafında oynadığı müstəsna rolun ehtiramla yad edilməsinə həsr olunub.

Konsertdən əvvəl çıxış edən Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Ramiz Quliyevin Azərbaycan musiqi mədəniyyətində tutduğu müstəsna mövqedən söz açıb. Akademik vurğulayıb ki, sənətkarın yaratdığı ifaçılıq məktəbi bu gün də yaşayır, onun yetirmələri Azərbaycan musiqisini ölkə daxilində və beynəlxalq səhnələrdə layiqincə təmsil edirlər. Rafael Hüseynov qeyd edib ki, Ramiz Quliyevin sənəti milli kimliyimizin ayrılmaz hissəsi olmaqla yanaşı, həm də mədəni irsimizin zənginliyini dünyaya nümayiş etdirən dəyərli bir xəzinədir.

Proqramda muğam və Azərbaycan klassik musiqisinin seçmə nümunələri səsləndirilib.

Konsertdə Xalq artistləri Azər Zeynalov, Nəzakət Teymurova, Əməkdar artistlər Ramil Qasımov, Təyyar Bayramov, Ehtiram Hüseynov, kamança ifaçısı Toğrul Əsədullayev, qarmon ifaçısı Ənvər Sadiqov, tarzənlər Sahib Paşazadə və Səxavət Məmmədov, pianoçu Emil Əfrasiyab və gənc tarzənlər çıxış ediblər.

Bu konsert Ramiz Quliyevin zəngin sənət irsinin yaşadılmasına xidmət etməklə yanaşı, onun yaratdığı məktəbin bu gün də canlı və davamlı olduğunu nümayiş etdirən mühüm mədəni təşəbbüsdür.

Seçilən
23
4
hafta.az

5Mənbələr