Mənbələr real məbləğin rəsmi rəqəmlərdən xeyli yüksək olduğu bildiriblər...
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ümumi xərcləri 40–50 milyard dollar həddinə çata bilər.
Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu rəqəm Pentaqon tərəfindən əvvəl açıqlanan təxminən 25 milyard dollarlıq göstəricidən demək olar ki, iki dəfə çoxdur. Telekanal qeyd edir ki, qiymətləndirmələr arasındakı fərq əsasən hesablamalara daxil edilən xərclərin strukturundan irəli gəlir.
Belə ki, Pentaqonun təqdim etdiyi rəsmi hesablamalar ABŞ hərbi obyektlərinin bərpası, həmçinin Tehranın cavab zərbələri nəticəsində məhv edilmiş texnika və digər əmlakın yenilənməsi üçün tələb olunan vəsaitləri əhatə etmir. Halbuki mənbələrə görə, məhz bu istiqamətlər üzrə xərclər ümumi məbləğin əhəmiyyətli hissəsini təşkil edir.
Bundan bir gün əvvəl Pentaqonun maliyyə departamentinin rəhbər vəzifəsini icra edən Culs Herst açıqlamasında bildirmişdi ki, hazırkı mərhələdə ABŞ-nin İranla bağlı qarşıdurmaya çəkdiyi xərclər təxminən 25 milyard dollar təşkil edir. Onun sözlərinə görə, bu məbləğin böyük hissəsi döyüş sursatlarının alınmasına və istifadəsinə yönəldilib.
Hərbi ekspertlər hesab edirlər ki, yekun xərclər yalnız aktiv döyüş əməliyyatları ilə məhdudlaşmır və uzunmüddətli perspektivdə infrastrukturun bərpası, logistik təminat və strateji ehtiyatların yenilənməsi kimi faktorlar ümumi maliyyə yükünü daha da artırır. Bu isə ABŞ-nin müdafiə büdcəsinə əlavə təzyiq yarada bilər.
Poliqon.info