Qlobal neft bazarlarında ciddi bahalaşma müşahidə olunub. “BBC” xəbər verir ki, beynəlxalq bazarlarda “Brent” markalı neftin qiyməti təxminən 7 faiz artaraq bir barel üçün 126 dolları keçib. Bu göstərici 2022-ci ildən bəri qeydə alınan ən yüksək səviyyə hesab olunur. ABŞ-nin “West Texas Intermediate” markalı nefti də bahalaşaraq 109 ABŞ dollarına yüksəlib.
Qiymət artımının əsas səbəbi kimi Yaxın Şərqdəki gərginliyin və strateji əhəmiyyətə malik Hörmüz boğazında mümkün risklərin qalması göstərilir. Qeyd edək ki, dünya üzrə neft daşımalarının təxminən beşdə biri məhz bu boğazdan keçir.
Ekspertlər bildiriblər ki, bölgədə gərginliyin qalması qlobal enerji təchizatına ciddi təsir göstərə bilər. Hətta kiçik bir eskalasiya ehtimalı belə bazarlarda qiymətlərin sürətlə yüksəlməsinə səbəb olur. Eyni zamanda, ABŞ rəhbərliyinin mümkün münaqişənin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün enerji sektorunun nümayəndələri ilə müzakirələr apardığı da bildirilir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”