AZ

Professor: Heydər Əliyev irsinin təbliği gələcək nəsillərin ideoloji formalaşması üçün vacib amildir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsinin və Heydər Əliyev muzeyinin birgə təşkilatçılığı ilə BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Heydər Əliyev irsinin təbliği” mövzusunda tədbir keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, liseyin direktoru Fuad Babayev Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəslə aşılanmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu istiqamətdə keçirilən silsilə tədbirlər gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşmasına mühüm töhfə verir.

BDU-nun Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsində həlledici rol oynayıb. Ümummilli Liderin hakimiyyətə qayıdışı ölkənin ictimai-siyasi həyatında sabitliyin bərpası, milli dövlətçilik ideyalarının gücləndirilməsi və strateji inkişaf kursunun müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyət daşıyıb. Professor vurğulayıb ki, Heydər Əliyev irsinin təbliği yalnız tarixi yaddaşın qorunması deyil, gələcək nəsillərin ideoloji və mənəvi formalaşması üçün vacib amildir. Qloballaşan dünyada milli kimliyin qorunması, dövlətçilik ənənələrinə bağlılıq və strateji düşüncə tərzi məhz bu irsin düzgün mənimsənilməsi ilə mümkündür.

Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Prezidenti tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirən İbrahim Zeynalov şagirdləri daim ölkəmizin maraqlarını müdafiə etməyə, layiqli vətəndaş və peşəkar kadr kimi fomalaşmağa səsləyib.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
azertag.az

2Mənbələr