AZ

Binalarda izolyasiyanın rolu - Ekspert AÇIQLADI

"Tikinti prosesində material seçimi, texniki yanaşma və normativlərə uyğunluq balanslı şəkildə təmin olunduqda daha keyfiyyətli nəticə əldə etmək mümkündür".

Bunu Day.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, əmlak eksperti Vüqar Oruc deyib.

O, yeni tikilən binalarda izolyasiyanın nə qədər təmin olunduğu barədə fikirlərini səsləndirib. 

Ekspert bildirib ki, tikinti normativlərinə uyğun olaraq binalarda mənzillərarası divarlar səs izolyasiyası ilə təmin olunmalıdır.

"Eyni zamanda döşəmələrdə hidroizolyasiya tədbirləri görülməsi tikilinin keyfiyyətini və davamlılığını artıran əsas amillərdəndir. Bu yanaşma sakinlər üçün daha rahat və təhlükəsiz yaşayış mühiti yaradır.

Müasir tikililərdə bu tələblərə müxtəlif səviyyələrdə yanaşma müşahidə olunur. Bəzi hallarda səs izolyasiyası tam və ya istənilən keyfiyyətdə tətbiq olunmadığı üçün mənzillər arasında səsin ötürülməsi hiss edilə bilir. Bu isə sakinlərin gündəlik komfortuna müəyyən dərəcədə təsir göstərir", - o deyib.

V.Oruc bildirib ki, divar qalınlığının nisbətən az olması, layihələndirmədə hava boşluqlarının nəzərdə tutulmaması və bəzi konstruktiv detallarda sadələşdirmələr səs keçiriciliyinə təsir edən amillər sırasındadır:

"Divar birləşmələrində və döşəmə-tavan hissələrində tam doluluğun təmin edilməməsi də bu təsiri bir qədər gücləndirə bilər.

Ümumilikdə, tikinti prosesində material seçimi, texniki yanaşma və normativlərə uyğunluq balanslı şəkildə təmin olunduqda daha keyfiyyətli nəticə əldə etmək mümkündür. Bu baxımdan layihələndirmə və icra mərhələlərində peşəkar yanaşmanın gücləndirilməsi və keyfiyyətə diqqətin artırılması mühüm əhəmiyyət daşıyır", - deyə o yekunlaşdırıb.

Nəsimi Ələsgərli

Seçilən
44
day.az

1Mənbələr