AZ

Qlobal şəhərsalma və əsas tendensiyalar: Bolqarıstanda WUF13 ə hazırlıq məsələləri müzakirə olunub YENİLƏNİB

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasına həsr olunmuş tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirdə Azərbaycan və Bolqarıstanın aparıcı akademik dairələrinin və universitetlərinin nümayəndələri, Sofiya və onun İzqrev rayonunun şəhər Meriyasının rəsmiləri iştirak edib. Tədbir mayın 17–22-də Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının (WUF13) təqdimatı və təşviqi, eyni zamanda, dialoq və məlumat mübadiləsi üçün əlverişli platforma rolunu oynayıb.

WUF13 üzrə Milli Koordinatorun müavini, Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi sədrinin müavini Gülşən Rzayeva, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Katibliyinin nümayəndəsi Hamza Berrouane, həmçinin Azərbaycanın və Bolqarıstanın aparıcı ali təhsil müəssisələrinin təmsilçiləri, tədqiqatçılar müzakirələrdə fəal iştirak ediblər.

Azərbaycanın Bolqarıstanndakı səfiri Elmar Məmmədov Ümumdünya Şəhər Forumunun şəhərsalma ilə bağlı çağırış və imkanların müzakirəsi üçün əsas qlobal platforma olduğunu vurğulayıb. O, COP29 və WUF13 kimi iri beynəlxalq tədbirlərə ev sahibliyi edərək kreativ mövzularda qlobal miras yaradan Azərbaycanın zəngin təcrübəsini və ölkəmizin dayanıqlı şəhərlərin inkişafına artan diqqətini qeyd edib. Səfir COP29 Azərbaycan sədrliyi tərəfindən irəli sürülən “Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları (MAP)” təşəbbüsünün əhəmiyyəti barədə məlumat verib. Bununla yanaşı, regional və milli səviyyədə həyata keçirilən dayanıqlı və yaşıl şəhər təşəbbüsləri, bu xüsusda Avropa Yenidənqurma və İnkişaf Bankı kimi çoxtərəfli maliyyə institutları ilə əməkdaşlıq imkanları xüsusi qeyd edilib.

Səfir E.Məmmədov tərəfindən WUF13-ün təkcə Azərbaycan üçün deyil, Avropa və Asiya regionu üçün mühüm əhəmiyyət kəsb etdiyi və Forumun ilk dəfə Qafqaz regionunda keçiriləcəyi vurğulanıb. Növbəti ay Bakıda təşkil olunacaq Forumun qlobal səviyyədə aktual problemlər olan mənzil çatışmazlığı, iqlim dayanıqlığı və inklüziv şəhərlər kimi məsələləri əhatə etdiyi bildirilib.

Gülşən Rzayeva və Hamza Berrouane tərəfindən edilmiş təqdimatlarda WUF13-ün məqsədləri, prioritetləri, universitetlər və akademiya üçün iştirak imkanları barədə ətraflı məlumat verilib. Həmçinin WUF13 çərçivəsində Azərbaycanın yeni təşəbbüsləri təqdim olunub, akademiyanın dayanıqlı şəhərlərin formalaşdırılmasındakı rolu vurğulanıb.

80-dən artıq iştirakçı ilə hibrid formatda keçirilən tədbir Bolqarıstan və Azərbaycan universitetləri və akademik dairələri arasında dialoq üçün səmərəli platforma rolunu oynayaraq universitetlərarası əməkdaşlıq, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə tədqiqatlar və WUF13-də fəal iştirak imkanları ətrafında müzakirələrin aparılmasına töhfə verib.

Bununla yanaşı, Azərbaycanın şəhərsalma sahəsində təcrübəsi və həyata keçirilən layihələr barədə geniş məlumat verilib, dayanıqlı şəhərlərin inkişafı və müasir infrastrukturun formalaşdırlması istiqamətində innovativ yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir “Azərbaycanda 2026-cı il - Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş foto sərgisi ilə yekunlaşıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
50
azertag.az

10Mənbələr