“Uşaqlar ətrafında olan müzakirələr əksər hallarda uşaqlar üçün yox, uşaqlar haqqındadır və bu yanaşmanın dəyişməsi cəmiyyətimiz və təhsilimiz üçün faydalı istiqamət ola bilər.”Mətbuat.az xəbər verir ki, bu fikirləri Elm və Təhsil Naziri Emin Əmrullayev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib. Nazir çıxışında qeyd edib ki, müasir dövrdə uşaqların inkişafı yalnız məktəblə məhdudlaşmır və ailənin rolu bu prosesdə həlledici əhəmiyyət daşıyır. Onun sözlərinə görə, uşaqların formalaşmasında valideynlərin, xüsusilə ailə mühitində ötürülən dəyərlərin təsiri çox böyükdür və bu məsuliyyətdən heç bir valideyn kənarda qala bilməz.Emin Əmrullayev vurğulayıb ki, təhsil sistemində iki əsas istiqamət – təlim nəticələri və tərbiyə prosesi paralel şəkildə inkişaf etdirilməlidir. Təlim nəticələrini ölçmək mümkün olsa da, tərbiyə və dəyərlər sistemi daha dərin və ölçülməsi çətin sahədir. Bu səbəbdən də dəyərlərə əsaslanan təhsil modelinin formalaşdırılması xüsusi önəm kəsb edir.Nazir həmçinin diqqətə çatdırıb ki, yüksək akademik nəticələr təkbaşına kifayət deyil. Uşaqların psixoloji-emosional inkişafı, sosial davranışları və mənəvi dəyərləri də cəmiyyətin gələcəyi baxımından mühüm rol oynayır. Bu istiqamətdə ailə, məktəb və müəllim əməkdaşlığının gücləndirilməsi vacib hesab olunur.Çıxışda qadınların və qızların təhsilinin əhəmiyyətinə də toxunulub. Bildirilib ki, bugünkü qızların aldığı təhsil gələcək nəsillərin inkişafına birbaşa təsir göstərir. Elmi tədqiqatlar göstərir ki, təhsilli anaların övladları müxtəlif sahələrdə – riyaziyyat, oxu və təbiət elmlərində daha yüksək nəticələr əldə edir. Bu baxımdan qadınların təhsilinə yatırılan investisiya uzunmüddətli sosial və iqtisadi inkişafın əsas amillərindən biri kimi qiymətləndirilir.Nazir qeyd edib ki, qlobal çağırışlar və texnologiyanın sürətli inkişafı fonunda ailə institutunun gücləndirilməsi, valideyn məsuliyyətinin artırılması və dəyərlərə əsaslanan təhsil siyasətinin həyata keçirilməsi gələcək nəsillərin sağlam və balanslı inkişafı üçün əsas şərtlərdəndir.