
Zərgər Fransua Qrafla əlaqəli bir şirkət Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və ABŞ-nin 40-cı prezidenti Ronald Reyqanın 1985-ci ildə görüşdüyü İsveçrənin Versua şəhərindəki (Cenevrə yaxınlığı) “Fleur d'Eau” villasını alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsveçrənin “Immobilier.ch” daşınmaz əmlak portalı məlumat yayıb.
Portalın məlumatına görə, villa 12,3 milyon İsveçrə frankına (15,6 milyon dollar) satılıb ki, bu da onun qiymətinin təxminən yarısıdır - 23 milyon frank (29,2 milyon dollar).
Dərc olunmuş məlumata görə, əmlak Lüksemburqda qeydiyyatdan keçmiş “Château Versoix Sàrl” şirkəti tərəfindən alınıb.
Portalın məlumatına görə, əmlak şirkətin təsisçisi Lorens Qrafın oğlu, “Graff” şirkətinin baş direktoru Fransua Qrafa məxsus Cenevrədə yerləşən şirkət vasitəsilə idarə olunur.
Satıcı Montevideoda yerləşən qida pərakəndə satış şirkəti olan “Alimenta Internacional” olub. Şirkət bu əmlaka 1996-cı ildə 2,375 milyon franka (3 milyon dollar) aldığı vaxtdan bəri sahib olub.
Alışdan sonra villa təmir edilərək ofislərə çevrilib. Son illərdə şirkət əmlakı satmağa cəhd etsə də, sövdələşmələr uğursuz olub.
Tarixi bina Cenevrə gölünə çıxışı olan təxminən 12 000 kvadratmetrlik bir ərazidə yerləşir. Əsas evin sahəsi təxminən 1000 kvadratmetrdir. Binada yataq otağı və ya iş otağı kimi istifadə edilə bilən təxminən 12 otaq, eləcə də üç mərtəbədə beş qonaq otağı və ya konfrans zalı var.
“Villa Fleur d'Eau” 19-20 noyabr 1985-ci il tarixlərində Cenevrə Zirvə görüşünün bir hissəsinə ev sahibliyi edib. Əmlak ABŞ Prezidenti Ronald Reyqan və Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi Mixail Qorbaçov arasında görüş üçün İsveçrə Federal Xarici İşlər Nazirliyinə icarəyə verilib. Liderlər evin qarşısındakı göl kənarındakı verandada görüşüblər.
Mülkün tarixi 18-ci əsrin sonlarına gedib çıxır. Onun sahibləri arasında Fransa Kraliçası Mari-Antuanettanın rəssamı Lui-Ogüst Brün, bankir Teodor Vern d'Arlandes, İsveçrənin “Société Générale de Surveillance” (SGS) sertifikatlaşdırma xidmətləri şirkətinin təsisçisi Jak Salmanoviç və inşaatçı Abraham Oayon var. Hazırkı bina 1865-1867-ci illər arasında inşa edilib.
Qeyd edək ki, “Graff Diamonds International” brilyant və premium zərgərlik məhsulları üzrə ixtisaslaşmış Britaniya zərgərlik evidir.
Qrafın müştəriləri arasında siyasi və biznes elitasının üzvləri, eləcə də ABŞ Prezidenti Donald Tramp, televiziya aparıcısı Opra Uinfri, aktrisa Elizabet Teylor və Bruney sultanı da daxil olmaqla tanınmış ictimai xadimlər olub.