"Sosial xidmət müəssisələrində uşaqlara müxtəlif istiqamətlər üzrə xidmətlər göstərilir və onların ailə mühitində böyüməsi əsas prioritet kimi müəyyən edilib".Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda çıxışı zamanı səsləndirib. Nazir qeyd edib ki, bu məqsədlə övladlığa götürmə, himayədar ailə və reinteqrasiya mexanizmləri geniş tətbiq olunur. Qeyd olunub ki, son illərdə yüzlərlə uşaq övladlığa verilib, onlarla uşaq himayədar ailələrə yerləşdirilib və yüzlərlə uşaq bioloji ailələrinə qaytarılıb. Himayədar ailə modelinin inkişafı üçün dövlət tərəfindən maliyyə dəstəyi də təmin edilir.Nazir çıxışında qadınların məşğulluq imkanlarının artırılması məsələsinə də toxunaraq bildirib ki, məşğul əhalinin mühüm hissəsini qadınlar təşkil edir və onların əmək bazarına inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür. Qanunvericilikdə edilən dəyişikliklər nəticəsində qadınlar üçün bir sıra məhdudiyyətlər aradan qaldırılıb, gender bərabərliyi istiqamətində mühüm addımlar atılıb.Eyni zamanda, özünüməşğulluq və peşə hazırlığı proqramlarının qadınların iqtisadi fəallığının artırılmasında mühüm rol oynadığı qeyd edilib. Son illərdə bu proqramlara cəlb olunan qadınların sayında artım müşahidə olunur.Anar Əliyev vurğulayıb ki, ailə, qadın və uşaq siyasəti yalnız bu günün deyil, gələcək cəmiyyətin formalaşmasına xidmət edən strateji istiqamətdir. O, tədbir çərçivəsində aparılan müzakirələrin bu sahədə görülən işlərin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib.