Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ilk ən ciddi beynəlxalq sənədlərdən biri (ən əsası) 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının qəbul etdyi 822 saylı qətnamədir.
Niyə ən əsası?!
Ona görə ki, bu qətnamə BMT səviyyəsində qəbul edilmiş, məcburi xarakter daşıyan sənəd idi. Orda Kəlbəcərin işğalı pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənir, erməni işğalçı qoşunlarının "bütün işğal edilmiş ərazilərdən" "dərhal və qeud-şərtsiz" çıxarılması tələb olunurdu.
Siz 1993-cü ilin 30 aprelini yada salın. Rusiya Ermənistanı dəstəkləyir. İran Ermənistana yardım edir. ABŞ Ermınistanın yanındadır (hətta işğalçı tərəfə deyil, işğaldan özünü qorumağa çalışan Azərbaycana silah və maliyyə embarqosu tətbiq edib). Avropanın Fransa başda olmaqla əksər dövlətləri (demək olar, hamısı) Ermənistanın yanındadır.
Türkiyə belə heç nə edə bilmir; Avropa İttifaqına üzv olmaq üçün o zaman Brüsselin qapısında gözləyən Türkiyə Azərbaycana köçkünləri atəş altından çıxarmaq üçün bir helikopter belə verə bilmir. Çünki Avropa İttifaqı da Ermənistanın tərəfində idi. Hələ nə neft müqavilələri imzalanıb, nə Avropaya qaz satırıq və sair.
Belə bir şəraitdə Azərbaycan Kəlbəcərin işğalı ilə bağlı məsələni BMT-nin gündəliyinə çıxarır, qətnamə layihəsi təqdim edir, o layihədəki hər söz, hər cümlə, hər bir durğu işarəsi uğrunda mübarizə aparır, xarici ölkələrin BMT-dəki səfirləri ilə, onların vasitəsi ilə xarici dövlətlərlə çox qısa müddətdə görünməmiş intensivliklə danışıqlar aparır, nəticədə qətnamə yekdilliklə qəbul olunur.
Sonrakı dövrdə - 1993-cü ildə Rusiya İranın da dəstəyi ilə Azərbaycanda qiyam qaldırdıqdan sonra dövlət çevrilişi nəticəsində hakimiyyət dəyişikliyi fonunda başqa bölgələrin - daha 6 rayonun işğalı zamanı BMT TŞ 853, 874 və 884 saylı qətnamələr də qəbul etdi. Əgər vaxtında 822 saylı qətnamə olmasaydı, bu sənədlər də olmayacaqdı. 822 saylı qətnamə bir presedent idi və BMT artıq bundan geri dura bilməzdi.
Bu, əlbəttə ki, şəksiz-şübhəsiz Azərbaycanın o zamankı xarici işlər naziri Tofiq Qasımovun yüksək siyasi-diplomatik bacarığının, gərgin əməyinin, Vətənə sədaqətinin nəticəsi idi. Məhz belə bir insanı çox sevdiyi Vətənində Vətənə xəyanət ittihamı ilə günahsız yerən həbs etmişdilər.
Məncə, təkcə elə 822 saylı qətnaməyə görə Tofiq Qasımova ölümündən sonra olsa da, ən yüksək dövlət təltifi düşür. Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul olunmasında xidmətlərinə gəlincə, Tofiq bəyə heykəl qoymaq da azdır. Ancaq təltif, heykəl bir yana, Tofiq Qasımovun Azərbaycanda məzarı belə yoxdur.
Onun bir zamanlar rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi bu məsələyə diqqət yetirsə, istiqlalçı deputat və keçmiş nazir Tofiq Qasımovun nəşi İsveçrədən Vətənə gətirilsə, çox yaxşı olar.
Tofiq Qasımovun yorulmaz zəhməti nəticəsində qəbul edilmiş 822 saylı qətnamənin əhəmiyyəti 44 günlük Vətən müharibəsində daha qabarıq göründü. Azərbaycan öz ərazilərini işğaldan azad edərkən, əslində BMT-nin qətnamələrini yerinə yetirdiyini bildirdi və bu, tamamilə haqlı və əsaslı yanaşma idi. Bu, 822 saylı qətnamənin fövqəladə tarixi əhəmiyyətli sənəd olduğunu bir daha sübut edir.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.