AZ

Burundi nümayəndəsi: Azərbaycandakı sistemlər vətəndaşların dövlət xidmətlərinə çıxışını xeyli asanlaşdırır

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycanda tətbiq olunan müasir və mərkəzləşdirilmiş sistemlər vətəndaşların dövlət xidmətlərinə çıxışını xeyli asanlaşdırır. Bu xidmət modeli çox səmərəlidir. Təəssüf ki, bizim ölkədə bu cür sistem mövcud deyil. Lakin hesab edirəm ki, belə bir model Burundidə də tətbiq olunsa, bu, insanların həyatını xeyli asanlaşdırar və onların dövlət xidmətlərindən daha rahat istifadə etməsinə şərait yaradar.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumunda iştirak edən Burundi nümayəndəsi İbrahim Məhəmməd bildirib.

O vurğulayıb ki, xidmətlərin bir məkanda, operativ və şəffaf şəkildə təqdim olunması vaxt itkisini aradan qaldırmaqla yanaşı, korrupsiya risklərinin də azalmasına mühüm töhfə verir. “Bəzən elə olur ki, müəyyən xidmətlər yalnız bir şəxsin əlində cəmləşir və bu da əlavə ödənişlər, vaxt itkisi kimi problemlərə səbəb olur. Lakin xidmətlərin vahid mərkəzdə və qısa müddətdə təqdim edilməsi insanları bu cür çətinliklərdən qoruyur. Vətəndaş bir yerə müraciət edərək bütün zəruri sənədləri rahatlıqla əldə edə bilir”, - deyə o əlavə edib.

Burundili iştirakçı belə təşəbbüslərin postkolonial ölkələr üçün də nümunə ola biləcəyini qeyd edərək bildirib ki, bu kimi təcrübələrin paylaşılması gənclərin idarəetmədə və ictimai xidmət sahələrində daha innovativ yanaşmalar formalaşdırmasına imkan yaradır.

Müxbir - Səbinə Əlizadə
Foto - Orxan Kərimov
Seçilən
25
azertag.az

1Mənbələr