AZ

ABŞ Yaxın Şərqdə güc balansını dəyişir

The Washington Post nəşri məlumat yayıb ki, İranla danışıqların dalana dirəndiyi bir vaxtda “Cerald R. Ford”un bölgədən çıxarılması ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunda “əhəmiyyətli atəş gücü itkisinə” səbəb ola bilər.

Bəs, həqiqətəndə USS Gerald R. Ford aviadaşıyıcısının Yaxın Şərqdən geri çəkilməsi ABŞ-ın regiondakı hərbi-strateji prioritetlərində dəyişiklik kimi qiymətləndirilə bilərmi, yoxsa bu addım yalnız taktiki xarakter daşıyır və İran ilə danışıqlar fonunda müvəqqəti qərardır?

Moderator.az-a mövzu ilə bağlı danışan politoloq Elçin Xalidbəyli qeyd etdi ki, ABŞ-nın ən önəmli savaş gəmilərindən birinin bölgədən geri çəkilməsi Amerika Birləşmiş Ştatlarının qarşıya qoyduğu hədəflərdən imtina etməsi anlamına gəlməz:

"Bu, böyük ehtimalla hərbi və ya siyasi-taktiki gediş xarakteri daşıyan bir addım da ola bilər. Ümumi götürdükdə, hazırda Yaxın Şərqdə situasiya olduqca qəliz və qeyri-müəyyən xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının əsas hədəfi İranı kapitulyasiya aktı imzalamağa məcbur etməkdir. Bunun üçün də əsas diqqət Hörmüz boğazının nəzarətdə saxlanmasına yönəldilib.

İran bunun üçün Amerika Birləşmiş Ştatlarına olduqca ciddi bir bəhanə verib. Əvvəlcə İran Hörmüz boğazını bağlamışdı və oradan keçən gəmilərin icazəsi rəsmi Tehrandan alınırdı. Bunun qarşılığında Amerika Birləşmiş Ştatları da Hörmüz boğazını bağladı və nəticədə nə İranın icazə verdiyi, nə də İranın özünə aid gəmilər bu boğazdan keçə bildilər".

Politoloq bildirdi ki, hazırda rəsmi Tehran artıq Ağ Evdən xahiş edir ki, Hörmüz boğazı açılsın və bunun qarşılığında iki ölkə arasında danışıqlar prosesi davam etdirilsin:

"Ancaq Amerika Birləşmiş Ştatlarının əsas hədəflərindən biri Hörmüz boğazını mümkün qədər uzun müddət blokadada saxlayaraq İranın iqtisadi-ticari fəaliyyətini iflasa uğratmaqdır. Yəni bu bloklanma nəticəsində İranın iqtisadi-ticari gəlirlərini minimuma endirmək, ölkədə sosial-iqtisadi böhranı daha da dərinləşdirmək və son nəticədə daxili təlatümləri yenidən gücləndirmək məqsədi güdülür. ABŞ İranı daxildən zəiflətmək üçün belə bir strategiya seçib. 

Hazırda İran neft ixrac etmək imkanlarını əhəmiyyətli dərəcədə itirib ki, bu da onun əsas maliyyə qaynaqlarından biri idi. Eyni zamanda İranın əsas dəstəkləyicilərindən olan Çin də Hörmüz boğazının bağlanmasından ciddi ziyan çəkir. Çünki Çinin enerji təminatında bu boğaz həm İran, həm də Körfəz ölkələri ilə əlaqədə xüsusi yer tutur. Enerji resurslarının idxalı hazırda ciddi əngəllərlə üzləşir və bu, Çin üçün də problemlər yaradır.

Bütün bunları nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, Amerika Birləşmiş Ştatları İranı danışıqlarda məğlubiyyətini qəbul etməyə məcbur etmək istəyir. Yəni ABŞ-ın əsas məqsədi İrana kapitulyasiya aktı imzalatmaqdır və bunun nə vaxt baş verəcəyi hələlik qeyri-müəyyəndir. Ancaq Prezident Donald Tramp “yaxşı oğlan olmaq” dövrünün bitdiyini bəyan edib və İranın iqtisadi baxımdan çöküş ərəfəsində olduğunu vurğulayıb. Bu isə o deməkdir ki, Ağ Evdə İranla bağlı olduqca ciddi planlar mövcuddur və Amerika Birləşmiş Ştatları bu planları reallaşdırmaq üçün bütün imkanlarını səfərbər edir".

Pərvin Şakirqızı

Seçilən
31
1
moderator.az

2Mənbələr