AZ

“Elektron attestat bürokratik əngəlləri aradan qaldırır” -Şəmsi Qocayev

Azərbaycanda elektron attestat sisteminə keçid təhsil sahəsində rəqəmsallaşmanın növbəti mərhələsi kimi qiymətləndirilir. Mütəxəssislər hesab edir ki, bu yenilik həm idarəetmədə çevikliyi artıracaq, həm də vətəndaş məmnuniyyətinə müsbət təsir göstərəcək.

Təhsil eksperti Şəmsi Qocayev QHT.az-a açıqlamasında bildirib ki, elektron attestat sistemi illərdir mövcud olan bürokratik çətinlikləri aradan qaldırır. Onun sözlərinə görə, əvvəllər kağız daşıyıcıların hazırlanması, bölgələrə çatdırılması və məzunlara paylanması həm vaxt itkisinə, həm də əlavə xərclərə səbəb olurdu:

“İndi isə bu proses saniyələr içində, bir toxunuşla həyata keçirilir. Bu, təhsil sistemində operativliyin əhəmiyyətli dərəcədə artması deməkdir”.

Ekspert qeyd edib ki, elektron sənədlər şəffaflıq baxımından da mühüm üstünlüklərə malikdir. Belə ki, hər bir attestat mərkəzləşdirilmiş sistemdə unikal kodla qorunduğu üçün saxtakarlıq ehtimalı aradan qalxır və sənədin həqiqiliyini istənilən vaxt yoxlamaq mümkündür.

Ş.Qocayevin sözlərinə görə, sistemin ən güclü tərəflərindən biri də inteqrasiyadır. Artıq məzunlar ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı əlavə sənəd toplamaq və notarial təsdiqlər üçün vaxt itirməyəcəklər:

“Dövlət İmtahan Mərkəzi ilə universitetlərin məlumat bazaları arasında operativ əlaqə mövcuddur. Bu da məzunların nəticələrinin avtomatik şəkildə aidiyyəti qurumlara ötürülməsinə imkan yaradır”.

O hesab edir ki, bu yanaşma gələcəkdə beynəlxalq səviyyədə də Azərbaycan təhsil sənədlərinin etibarlılığını artıracaq.

Zəhra Ağayeva
 

Seçilən
56
qht.az

1Mənbələr