AZ

Dövlət müəssisələrinin idarə edilməsi: Azərbaycan və Koreya təcrübə mübadiləsi aparıb

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyəti aprelin 27-30-da Dünya Bankının dəvəti ilə Koreya Respublikasının Seul şəhərində keçirilən “Dövlət müəssisələrinin qlobal konfransı” adlı beynəlxalq tədbirdə iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dövlət maliyyə idarəetməsi sahəsində müxtəlif ölkələrin hökumət nümayəndələri, dövlət müəssisələrinin rəhbərləri, beynəlxalq maliyyə institutları və Koreyanın müvafiq qurumlarının yüksəksəviyyəli təmsilçilərinin qatıldığı konfrans dövlət maliyyə idarəçiliyi sahəsində əməkdaşlığın gücləndirilməsi və peşəkar təcrübə mübadiləsinin aparılması məqsədilə keçirilib.

Tədbirdə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru Fərid Baxşıyev “Azərbaycanda mərkəzləşdirilmiş monitorinq sisteminin tətbiqi” mövzusunda təqdimatla çıxış edərək ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər və tətbiq olunan yanaşmalar barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Səfər zamanı nümayəndə heyəti Dünya Bankının idarəetmə üzrə qlobal direktoru Arturo Gutierrezlə, habelə Koreya təcrübəsinin öyrənilməsi məqsədilə ölkənin Maliyyə və İqtisadiyyat nazirliklərinin səlahiyyətli nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə qarşılıqlı təcrübə mübadiləsi aparılıb, dövlət müəssisələrinin monitorinqi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Eyni zamanda, müxtəlif ölkələrin analoji qurumlarının nümayəndələri ilə keçirilən görüşlərdə dövlət müəssisələrinin idarə olunması və monitorinqi sahəsində fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində, həmçinin Maliyyə Nazirliyinin nümayəndə heyətinin Koreya Respublikasının seçilmiş dövlət müəssisələrinə tanışlıq səfərləri təşkil edilib.

 

Seçilən
55
3
azertag.az

4Mənbələr