AZ

Qarabağ Universitetinin əməkdaşı Rumıniyada enerji yığımı texnologiyaları üzrə tədqiqat aparıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Xankəndi, 30 aprel, AZƏRTAC

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin müəllimi, fizika üzrə fəlsəfə doktoru Orxan Güləhmədov Elm və Texnologiyada Avropa Əməkdaşlığı Proqramı (COST Action CA21126) çərçivəsində elan olunmuş “Qısamüddətli Elmi Missiya” (Short-Term Scientific Mission – STSM) səfər qrantını qazanaraq beynəlxalq elmi-tədqiqat fəaliyyətini davam etdirir.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, o, aprelin 12-dən 26-dək Rumıniyanın Măgurele şəhərində yerləşən Milli Materiallar Fizikası İnstitutunda tədqiqatlar aparıb. Tədqiqatlar institutun professoru Mihaela Baibarac ilə birgə “Kosmos tətbiqlərinə uyğun hibrid enerji yığımı və saxlanması üçün triboelektrik nanogeneratorlarda GO və rGO–polisiloksan nanokompozitlərinin spektroskopik tədqiqi” mövzusu üzrə həyata keçirilib.

Aparılan tədqiqatlar çərçivəsində nanokompozit materialların triboelektrik nanogeneratorların çıxış göstəricilərinə təsiri öyrənilib, onların optimallaşdırılması istiqamətində elmi yanaşmalar tətbiq olunub. Bu istiqamətdə əldə olunacaq nəticələrin enerji yığımı sistemlərinin səmərəliliyinin artırılmasına, xüsusilə kosmik və ekstremal mühitlər üçün innovativ enerji həllərinin inkişafına töhfə verəcəyi gözlənilir. Eyni zamanda, sözügedən elmi əməkdaşlıq Qarabağ Universitetinin Avropanın qabaqcıl elmi-tədqiqat mərkəzləri ilə əlaqələrinin genişləndirilməsi, birgə tədqiqatların və elmi nəşrlərin təşviqi, eləcə də Avropa İttifaqının maliyyələşdirdiyi beynəlxalq proqramlarda, o cümlədən “Horizon Europe” çərçivəsində iştirak imkanlarının artırılması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, Qarabağ Universiteti beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi, innovativ tədqiqat mühitinin formalaşdırılması və yüksəkixtisaslı kadr hazırlığının təmin edilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

Müxbir - Tahir Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
1
azertag.az

2Mənbələr